Üç ay ərzində hər həftə şəhərin mərkəzindən
iki saat uzaqlıqda yerləşən psixiatriya
xəstəxanasına getdim. Mindiyim kənd avtobusunun ab-havası mənə hara getdiyimin
mesajını verirdi: qara çadralı qadınlar, qaş-qabaqlı, şübhə dolu baxışlar, iri
qaşlı üzüklü əllərində təsbeh oynadan kişilər, döyməli qollar və tünd rəngli
geyimlər... Bu detallar məni gözləyən səyahətin heç də asan olmayacağından xəbər
verirdi.
Kişi psixiatriya şöbəsinin binası sonsuz bir
boşluğun ortasında, çox geniş bir ərazidə yerləşirdi. Ətrafda ağaclardan başqa
heç nə yox idi. Binaların arasında uzanan kimsəsiz cığırlar və bir də
başlarının üstündəki sonsuz səma var idi... Pəncərədən bizə baxan, gözlərində
heç bir məna olmayan, bomboş ifadəli o üzləri görmək içimi göynədirdi.
Qadın pasientlərin olduğu şöbələr məni bu qədər
sarsıtmamışdı. Çünki onlar danışaraq, dərdləşərək, başlarını nə iləsə qataraq
az da olsa özlərinə təsəlli tapır, həyatlarında məna axtarırdılar.
Kişilər isə fərqlidir... Onlar üçün ümid bitəndə hər şey bitir. Tutunacaq heç nələri qalmır. Gündüzlər heç olmasa pəncərədən dünyaya baxa bilirlər. Bəs gecələr? O dar, soyuq, səssiz koridorlarda, doğmalarından uzaqda gecəni necə səhərə çıxarırdılar? Öz düşüncələrinin içində həbs olunmaq və bundan heç bir qaçışın olmadığını bilmək necə də dəhşətlidir. Bu çarəsizliyi düşünəndə ağlıma "Zindan adası" (Shutter Island) filmi gəlirdi.
Demensiya xəstələri ilə görüşmək isə ikiqat
ağır idi. Şizofreniya və ya bipolyar pozuntudan əziyyət çəksən belə, ən azı bir
keçmişin var, xatırlayacaq yaxşı-pis bir həyata sahibsən. Amma bəs hər şeyi
unutsan?
Təsəvvür edin, 60-70 il ömür sürürsünüz və
birdən hər şey silinir. Özünüzə dair heç nəyi xatırlamırsınız. Bütün xatirələr
yox olub. Bu boşluğun necə dəhşətli olduğunu təsəvvür edirsiniz? Sevdiyiniz
insanların siması, öz adınız, gəncliyiniz - hər şey duman olub uçur. Hər gün
sıfırdan başlayır, hər səhər kim olduğunuzu yenidən tapmağa çalışırsınız. İllərlə
yaşadığınız doğma evinizin yolunu belə tanımırsınız. Onlar bunu hər gün yaşayırlar...
Praktikamızın son həftələrindən biri
pasientlərin mədəni istirahət gününə təsadüf etdi. Onların təşkil etdiyi kiçik konsertdə iştirak etmək elə fərqli hiss
idi ki. Əvvəlcə kənarda dayanıb əl çalmaqla kifayətləndim. Amma sonra içimdən bir
səs: "Get, onlara qoşul". - dedi. Və bir də ayıldım ki, çəkindiyim
üçün məsafəli davranmağa çalışdığım amma artıq hekayələrini bildiyim pasientlərlə
rəqs edirəm.
Mənə desəydilər ki, bir gün psixiatriya xəstəxanasında
pasientlərlə rəqs edəcəksən, yəqin ki, inanmazdım. Amma həyat elə bu deyilmi?
Heç vaxt inanmadığın şeyləri sənə yaşadır və bu ilahi planlama sənə böyüməyin,
insanı olduğu kimi sevməyin üçün lazım olan dərsi öyrədir.
Hər həftə bədənim, düşüncələrim və qəlbim o
iki saatlıq yolu qət edib yenidən "normal" həyata qayıtmağa çalışırdı.
Belə anlarda Tanrının mənimlə danışdığını hiss edirdim. Bəzən oxuduğum kitabın
bir cümləsində, bəzən üzümə düşən günəşin şəfəqlərində, bəzən isə avtobusda səslənən
bir mahnının sözlərində. Hər dəfə qəlbim düşüncələrimin ağırlığı altında əzilib
xilas yolu axtaranda, göz yaşlarımı içimə axıdan və mənə ümid verən o cümlə gəlirdi
ağlıma (yenə sevimli "1984" romanından):
"Bir gün qaranlığın olmadığı bir yerdə görüşəcəyik..."
"Sonra düyüm-düyüm bilməcələrdən,
Bir sabah gələcək, qardan aydınlıq..."
Və mən orada tanıdığım bütün insanları bir
gün aydın, işıqlı və ümid dolu bir həyatda görmək istəyirəm. Düşüncələri ilə
birgə məhkum olduqları o boz, dörd divardan çox uzaqlarda... İllərdir ayrı
düşdükləri sevdiklərinin yanında.
Hələlik isə bütün ağrılara rəğmən həyat
davam edir. Bizim üçün də, onlar üçün də...

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Comments
Post a Comment