İşləməyən dişləməz

Kənd həyatı dinamikdir, canlıdır, fasiləsizdir. Nənəm həmişə deyərdi ki, mən heç vaxt çayın soyumağını gözləməmişəm, çay soyuyana qədər bir iş görüb sonra içmişəm. Qismətinə kənddə yaşamaq düşmüş qadın çox şeyə göz yummalı, çox şeyi qeyd-şərtsiz qəbul etməlidir, işin heç bitmədiyini məsələn. Səhərin gözü açılar açılmaz inəyi sağıb otlağa sürməklə başlayan aktiv iş rejimi gecə yarıda bitmək bilmir.Yayda isə iş xüsusilə çoxdur. Əkdiklərinin bəhrəsini yığan kəndlilər bir tərəfdən öz zəhmətinin məhsuluna sevinir, bir tərəfdən də işin ağırlığından taleyə giley güzar edirlər.  Meyvə, tərəvəz nə qədər bol olarsa qış tədarükü də o qədər çoxçeşidli olar. Camaat öz əkdiyi məhsuldan əlavə Allahın bəxş etdiklərindən də istifadə etməyə çalışırlar. Böyürtkən, əzgil, fındıq, itburnu, yabanı alma , armud kimi bitkiləri yığaraq həm şəxsi istehlak üçün , həm də satmaq üçün məhsula çevirirlər.

Təbiət xeyirxahdır, kəndli ona bir addım atanda o , kəndliyə daha yaxın gələrək öz səxavətini əsirgəmir. Kəndliyə isə zəhmətə qatlaşaraq işləmək qalır. Çünki gərək əkəsən ki, sonra biçməyə də bir şey olsun. Bunu əminliklə demək olar ki, əməkdən qorxmayan insan kənddə ac qalmaz. Bir az şişirdilmiş söz olsa da daşdan , torpaqdan pul çıxarmaq kəndli üçün su içmək kimi bir şeydir.

Comments