Palatka toyu)))


Övladının toyunu görəsən, toyunda inşallah, Allah uşağının toyunda oynamağı qismət eləsin və s. bir azərbaycanlının ən ülvi arzusudur. Ən gözəl, ən səmimi arzu və diləklərimiz məhz toyla, övlad mürvəti görməklə bağlıdır. Özlərinin dediyi kimi “boğazından kəsib” illərlə cehiz yığan analar, oğlu  anadan olduğu gündən bütün qızları gəlin namizədində görən analar, oğlu və ya qızı haqqında danışanda dilimizdəki bütün sözlərin çoxaltma dərəcəsindən istifadə edən , şişirtməyi sevən analar. Bəli. toyun aparıcı siması məhz anadır.
“Palatka toyu” adı ilə məşhuri-cahan olmuş kənd toyları haqqında eşitməyən insan yəqin ki olmaz. Toyxananın bəzədilməsi ilə toy mərasiminə start verilir. Toyxananı bəzəmək üçün isə nə qədər sadə görünsə də bir qutu pambıq və beş- altı şar bəs edir. Ən hörmətli adamlar isə rəngli işıqlar və zərlə öz toyxanalarını daha yaxşı bəzəyirlər . Bəyin və ya gəlinin bacısının toyxanaya xonça çıxarması ilə çalğıçılar çalmağa başlayırlar. Daha sonra qız toyunda saat 2də bəy evinin adamları gəlini toyxanaya çıxarır, oynadır, üzük taxırlar. Oğlan toyunda isə saat 4də “bəy oturdu” olur. Yəni bəy öz saldışları ilə toyxanaya gəlir, ilk parçanı anası olmaqla qohumlar, qonşular bəyin boynuna parça atır, xonça çıxarır və oynayırlar. Bu mərasimdə bəyin qohumlarıni tərif edirlər və onlar gəlib bəyi təbrik edərək bəyin qabağına pul qoyurlar, yəni xalat verirlər. Məsələn tamada belə deyir:
Gözəl olur bu yerlərin zəmisi
Gəlib xalat versin bəyin əmisi. Və ya
Göydə bir ulduz var adı Talıbdı
Filankəs əmisində xalat qalıbdı və s. kimi təriflərlə bəyin qohumları xalat verir. Daha sonra toyxanadakı adamlar dağılışır və axşam toyxanasına – toyun ən maraqlı yerinə hazırlaşırlar. Axşam toyxanası haqqında danışmağa ehtiyac yoxdur. Çünki az-çox toya gedən adamların bundan xəbəri var. Kəndin böyüklü kiçikli hamısı axşam toyxanaya gedir. Əvvəl qohumlar, qonşular, qonaqlar daha sonra isə kim istəsə oynayır. Qaynanalar gələcək gəlinlərini-nişanlı qızları oynamağa çıxarır, kürəkənlər (qorxudan ya sevgidən ) öz qaynana və baldızlarını, oğlanlar ana və bacılarını oynadır. “Şabaş vermək” kimi məşhur olan proses bu vaxt baş verir. Daha çox kişilər , bəzən də qadınlar oynayanların başından pul tökür və çalğıçılara şirinlik verərək şabaş vermiş olurlar. Gecə yarısına qədər davam edən mərasim ya dava ilə ya da xoşluqla dağılır. Toyun unudulmaz simalarından biri də məhz dava salanlardır. Hər kənddə belə adamlar mütləq var. Ya oynamaq üstündə , ya da çox mənasız bir səbəb üstündə dağılan toylar qeybət həvəskarları üçün müzakirə mövzusuna çevrilir. Hər kəs öz mülahizəsini irəli sürərək, bütün toy müzakirə olunur, kimin torbası tikilir, kimin evi dağılır. Olmamış və ya gözünüzlə görmədiyiniz hadisə haqqında necə şahid kimi danışmaq olarsa qeybət də beləcə davam edir. Çox uzatmayaq, elə ən ülvi arzumuzla da bitirək:

Evinizdə  toy olsun , gəlin gətirəsiz, qız köçürəsiz inşallah....

Comments