“Özünə qayğı həftəsi” eksperimenti: Xaos içində sülh axtarışı


Eksperimentə başladıqdan bir gün sonra adını səhv qoyduğumu anladım. “Özünə qayğı” mənim üçün hələ uzaq bir hədəf imiş. Daha doğru ad “təməl ehtiyacların qarşılanması həftəsi” ola bilərdi. Çünki məqsədim yoga, meditasiya və ya bunun kimi digər fəaliyyətlər deyildi. Mən sadəcə ehtiyaclarımı dinləyərək bir həftə plansız yaşamağı sınaqdan keçirmək istəyirdim.

Amma ilk başlarda vərdişlərim qalib gəldi. Plansız yaşamaq üçün belə plan qurdum. Edəcəyim (oxu: etmək istədiyim) hər şeyi siyahıya saldım. Di gəl ki, həyat həmişəki kimi “sən saydığını say, mən də öz bildiyimi edim” dedi.

Həftənin ortasında başa düşdüm ki, bəlkə də mənə nə isə etmək yox, etməmək lazımdır. Sadəcə dayanmaq. Heç nə etmədən var olmaq. İtalyanlar buna “dolce far niente” deyir : “heç nə etməməyin şirinliyi”.

Sona doğru anladım ki, zəngli saat olmadan yaşamaq mümkün imiş. Pomodoro taymerini bağlamaqla dünya dağılmırmış. İstədiyin saatda oyanmaq, tələsmədən səhər yeməyi hazırlamaq, küçədəki insanları müşahidə edərək kofe içmək, bir neçə səhifə kitab oxumaq. Bəlkə də xoşbəxtlik elə bu sadə səhnələrdə gizlənibmiş.

Etiraf edim ki, özümə qarşı çox qəddar davranıram. Daim məşğul olmaq, nə isə etmək, etməyəndə qeyri-məhsuldar hiss etmək və növbəti günün edəcəklər siyahısını bir az da qabartmaq məni inkişaf etdirsə də, xoşbəxt və hüzurlu hiss etdirmir.

Amma sürətlə hərəkət edən və dəyişən dünyada yavaşlamağı seçmək bəzən elə ən böyük cəsarətdir. İlk günlərdə çox qəribə hiss edirdim.  Sanki hamı bir istiqamətə gedir, mən isə əks tərəfə. Sanki mənzil başına gecikirəm.

Amma yol bitərmi? Bitməz... Bitməyən yolda harasa çatmaq mümkün deyil. Onda mənim bu qaçaqaçım nədir? P.S: Öz nəzəriyyəmi səhv çıxardığıma görə eksperiment rəsmi olaraq başa çatdı.

Nəticə: (özünü doğrultmayan eksperimentlərin nəticələri həmişə daha maraqlı olur.)

Bu eksperiment mənə xatırlatdı ki, bəzən xaos içində sülhü seçmək üsyan etməkdir. Dünyaya qarşı yox, öz tələsən tərəfinə qarşı. “Vaxt itirirəm” deyə qorxduğum anlarda, əslində, vaxtı qazanırdım - çünki o anları hiss edirdim. Çünki özünə qayğı bəzən təməl ehtiyaclara geri dönmək, sadəcə nəfəs almağa icazə verməkdir. Heç nə etmədən.

Gələcək tədqiqatlar üçün tövsiyə:

Nəzəriyyənin özünü doğrultmaması çox təbiidir. Axı biz hamımız həyat adlı bir eksperimentin içində sadəcə yaşamağı öyrənən subyektlərik.


Comments