Hyunam-Dong Kitabevi

Adətən hər şeyi düzgün, yerli-yerində, bütün gözləntiləri qarşılayaraq etməyə çalışırıq. Elə bilirik ki, sonda daimi bir hüzura çatacağıq. Amma nəticə çox vaxt eyni olur:  tükənmişlik.

Kitabın qəhrəmanı Youngju da bu vəziyyətdədir. O karyerasının zirvəsindədir, sevdiyi insanla, ya da sevdiyini düşündüyü insanla ailə qurub. Kənardan baxanda hər şey ideal görünür. Amma bir gün hər şey alt-üst olur. O tükəndiyini, içində böyük bir boşluq yarandığını hiss edir. Boşanır və illərdir ürəyində daşıdığı bir arzunu həyata keçirir: kitab evi açır.

Real səslənmir, elə deyilmi? Çünki çoxumuz xəyallarımızın arxasınca gedəcək qədər cəsarətli deyilik. Çoxumuz yaşadığımız həyatın, əslində, bir düzgünlük maskası altında gizlənmiş boşluq olduğunu etiraf etməkdən qorxuruq. Bizə biçilən qəliblərə sığmaq, qəbul edilmək üçün hamı kimi olmağa çalışırıq. Ancaq hər şeyi itirəndə, artıq itirəcək bir şey qalmayanda, nəhayət, o addımı atırıq - yenidən başlayırıq. Bu dəfə isə qəlibi də, qaydanı da, gözləntiləri də özümüz müəyyən edirik.

Mənə görə kitab evləri aidiyyət hissini itirənlərin və heç vaxt o hissi yaşamayanların sığınacağıdır. Cismində sıxışıb qalmış ruh kitabların arasında azadlığa qovuşur, evini burda tapacağına ümid edir. Bəzən illərlə evsiz qalan ruh bezdiyindənmi, yoxsa sevdiyindənmi, özünü o divarlara vurur, qəbul edilməyin sakit sevincini yaşayır.

Youngjunun kitab evinə gələn barista da, oxucular da, müştərilər də özləri ilə küskün ruhlarını gətirirlər. Bəlkə də onları bura çəkən elə Youngjunun öz ruhundakı küskünlükdür.

Kitab evinin sakinləri tükənmişliyin dibini görmüş, həyata küsmüş insanlardır. Onlar üçün yenidən başlamaqla həyata son qoymaq eyni ağırlıqdadır. Amma kitab evinin yaratdığı o sakit, qınaqsız mühit həmin insanları iç dünyasına baxmağa, özünü axtarmağa sövq edir.

Və məncə, özünü axtaran insan heç vaxt itmir, itirmir.

Youngjunun daxili səyahəti mənə öz yolumu düşündürdü: harada olduğumu, hara getdiyimi, niyə getdiyimi…

Xəyallarınızın arxasınca getmək cəsarətini tapmaq diləyilə... 





 

Comments