Daha bir Ramazanın son günlərini
yaşayırıq. Bitməsinə nə qədər üzülsəm də kiçik zaman ərzində həyatıma böyük
toxunuşlar etdiyi üçün sevinirəm. Son zamanlar təslimiyyət mövzusu məni tez-tez
düşündürürdü. Etirazsız təslim oluruqsa bəs niyə bizə iradə, qərar vermə gücü
verilib və s. suallarıma cavab tapa bilmirdim. Cavab tapdığımı deyə bilmərəm,
amma Ramazan ayı araşdırma, öyrənmə və yeni fərqindəliklər üçün vəsilə oldu. Bəlkə
də həyatımın ən bərəkətli Ramazanını yaşadım.
Peyğəmbərimizin həyatı barədə o qədər
dəyərli məlumatlar öyrəndim ki. Onun əxlaqı, yaşadığı çətinliklər, müsibətlər
qarşısında yenilməməsi, Allaha tam təslimiyyəti öz imanımı sorğulatdı. Hələ
doğulmamışdan əvvəl atasını, 6 yaşında anasını, 8 yaşında himayəsində yaşadığı
babasını itirən Məhəmməd peyğəmbər ağır sınaqlardan keçərək o ali vəzifə üçün
yetişirdi. Peyğəmbərlik dövründə onu qoruyan əmisini, çox sevdiyi həyat yoldaşı
Həzrəti Xədicəni, üç azyaşlı oğlunu, iki qızını itirir. Allah rəsulunun yaşadığı kədəri təsəvvür edə
bilirsiniz? İnsanların ən çox müsibətə uğrayanları əvvəla peyğəmbərlərdir,
deyirlər. Həqiqətən elədir. Başına gələn bütün müsibətlərin, yaşadığı itkilərin
bir səbəbi vardı: Allaha yaxınlaşmaq, Ona sığınmaq, təslim olmaq.
Bu çətin yolda onun iki əsas dəstəkçisi
var idi: Həzrəti Xədicə və Həzrəti Əbu-Bəkr. Həzrəti Xədicə ilə evlilik və Əbu-
Bəkr ilə dostluq onun həyatının əsas sütunları oldu. Yol nə qədər çətin olsa
da, vəzifəsi nə qədər ağır olsa da, Allah ona onlar kimi yol yoldaşı vermişdi.
Şübhə etmədən, sorğulamadan ona inanmaları, bütün var-dövlətini İslam uğruna xərcləmələri,
qəbul edilməsi məntiqlə çətin, hətta ağlasığmaz olan şeyləri iman gücü ilə qəbul
etmələri və peyğəmbərimizə həqiqi bir dost, yol yoldaşı olmaları o qədər gözəldir
ki.
Taif kimi çətin səfərdən sonra
Miracın baş verməsi mənə ən sevdiyim surələrdən olan İnşirah surəsini
xatırlatdı. Həqiqətən peyğəmbərin və səhabələrin yaşadığı çətinlikləri bu gün
bir müsəlman olaraq bizim yaşadığımız çətinliklərlə müqayisə oluna bilərmi? Ümumiyyətlə buna
haqqımız varmı? Onun əxlaqı ilə yaşayan və yaşadan müsəlman ola bilmişikmi? Bu
sualın cavabını məncə hər kəs siyərdə axtarmalıdır. Çünki siyərdə özünü axtaran mütləq bir yol tapar...
Mən Xədicənin sevgisi ilə ruziləndirildim.
Sevmək ağıl, məntiq işi deyil, qəlb,
təslimiyyət işidir.
Dağa baxarkən dağı görürsənsə demək
ki, sən sən olmamısan. Dağın sahibini gör.
Bir yola çıxarkən iki insana
ehtiyacımız var: doğru həyat yoldaşı və doğru dost.
Faydalı linklər:
Çox maraqlı idi. Təşəkkürlər bu dəyərli məlumatları xatırlatdığınız üçün. Allah tutulan orucları, niyyətləri qəbul eləsin İnşAllah Amin
ReplyDeleteRəyiniz üçün təşəkkür edirəm!
ReplyDelete