Doğan Cüceloğlunun “İçimizdeki çoçuk” kitabını
oxuyub bitirdim. İmtahan ərəfəsi olduğu üçün kitaba çox vaxt ayıra bilməsəm də nəticə
yaxşı oldu. Hər gün bir az oxumaq mənə oxuduqlarımı həzm etməyə və onların üzərində
düşünməyə imkan verdi. Kitabdan çıxardığım əsas mesajı bir cümlə ilə ifadə etməli
olsam bu belə olardı: İçindəki uşağı incidən kim olursa olsun, onun könlünü
almaq sənin borcundur, çünki bunu etməsən, sən də onu incidənlərdən biri
olacaqsan.
Onu incidənlər əlbəttə ki, ilk növbədə ailəndir. Səni
bəzən susdurdular, istəklərinə önəm vermədilər, dinləmədilər, dünyaya öz pəncərələrindən
baxmağa məcbur etdilər, bizim yolumuzla get dedilər. Sən küsdün, incidin,
susdun, səhv etmə haqqın olmadığını düşündün, onlar daha yaxşı bilir deyə
düşündün, hisslərin qarşılıqsız qaldı, arzuların heç kimə maraqlı olmadı.
O anlarda sən küsdün, incidin, və susmaq məcburiyyətində
qaldın. Səhv etmək haqqının olmadığını, valideynlərinin həmişə haqlı olduğunu
düşündün. İllərlə arzuların və hisslərin diqqətdən kənar qaldı.
Amma bu günə qədər yaşamağı bacardın. İndi içində
bir küncə qısılıb qalan o uşağı çağırmağın vaxtıdır. Onu çağır, danışmaq istədiyini
de. Əvvəlcə çəkinəcək. Yenə tənqid edilməkdən, danlanmaqdan qorxacaq. Amma
israr et. Sevgi ilə, nəvazişlə çağırmağa davam et. Bir müddət sonra sevgini
hiss edəcək, amma yenə də ehtiyatlı olacaq. Ona qınamadan, səbir və anlayışla
yaxınlaş.
Soruş: “Özünü necə hiss edirsən? Ən son nə vaxt
xoşbəxt idin? İndi ürəyindən nə keçir? Xəyalların nələrdir?” Ona danışmaq üçün
şərait yarat, sözünü kəsmədən dinlə. Əgər xətrinə dəyəcək bir şey desən, üzr
istəməkdən çəkinmə. Üzünə bax, gözlərinə bax, saçını sığalla. Onunla olduğuna,
onu sevdiyinə inandır.
Bəzən kədərlənəcək, hətta ağlayacaq. İllərlə içində
yığılan sözləri söyləmək asan olmayacaq. Ona vaxt ver, səbir et. Xatırlat ki,
böyümək ağrılı olur, amma bu ağrılar keçəcək. Özünü yaratmaq çətindir, amma bu
çətinliklər nəticəsində əldə etdiklərinə baxanda hər şeyə dəyəcəyini anlayacaq.
İndi dayan və içindəki uşağı çağır. Ona ən çox
sevdiyi şeyləri soruş. Ona qulaq as. Bu gün özünüzə verdiyiniz ən gözəl hədiyyə
bu ola bilər.
Comments
Post a Comment