Qanbatte!

Çoxluğun sevdiyi şeylərdən hər zaman qaçmışam. Bestseller kitablardan tutmuş brend geyim və texnika, dəb, gözəllik qəlibləri insanları o qədər hərkəsləşdirib ki, heç kəs fərqliliyini sevmək istəmir. Bəlkə də buna görə digər ölkə və xalqların mədəniyyətindən seçilən yapon mədəniyyəti məni özünə cəlb edir. Murakami sayəsində aşiq olduğum yapon ədəbiyyatı tədricən məni yapon fəlsəfəsi və incəsənətinə də yönəldib. Bu sevgim sayəsində hər dəfə fərqli kitablarla tanış oluram.

Bu kitablardan biri təzəlikcə oxuyub bitirdiyim “Qanbatte”-dir. İkiqay kitabını oxuyanlar, “vabi-sabi” ilə tanış olanların bu kitabı da sevəcəyinə əminəm. Çünki Qanbatte bir mənada İkiqay-ın davamıdır. İkiqay-da söhbət səni hər gün yataqdan qaldıracaq qədər sevdiyin şeyi tapmaqdan gedirdisə, burada söhbət hərəkətə keçməkdən gedir.

Hərfi mənada “heç vaxt təslim olma, daim irəliyə get” kimi tərcümə olunan Qanbatte bir yapon fəlsəfəsidir. Əlindən gələni edib qalan heç nə barədə narahat olmamalısan. Həmişə üçüncü variant var deyir Qanbatte. Və əlavə edir ki, əgər üzərinə gələn dalğanı durdura bilmirsənsə, özün dalğaya çevril. Yəni hərəkətə keç. Axı ən uzun səyahətlər ilk addımdan başlayır.

Hərəkətə keçməzdən öncə hər şeyi beynində canlandırıb yalnız problemlərə diqqətini yönəldən bəhanəsevərlərdən olma deyir. Maneələrdən qorxmaq əvəzinə onlara öyrənmə fürsəti kimi baxmağı sınamısan mı heç?

Ən çox sevdiyim fikirlərdən biri “əgər ayağına daş dəyməyibsə deməli heç gəzməmisən” oldu.  Onlar həyatın bir sənət əsəri olduğuna inanır və bu əsərlərini mükəmməl etməkdən ötrü yaşayırlar. Və əsərimizə xüsusi gözəllik qatan şey də məhz ayağımıza dəyən daşlardır.

Həyat səyahətinizdə ayağınıza daha çox daş dəyməsi diləyi ilə sizi kitabdan sevdiyim cümlələrlə baş başa qoyuram:

Əvvəlki nəsillərdə iş ömürlük olduğu kimi evliliklər də əbədi idi.

Əgər incəsənət olmasaydı mən çoxdan intihar etmişdim. ( Rəssam Yayai Kusama)

Sevgi uğrunda döyüşdə qəti qələbə yoxdur. Siz onu hər gün qazanmalısınız.

Rituallar finiş xəttindən daha mühümdür.

Mükafat yolun özündə tapılacaq. Öyrəndiklərinizdən, tanış olduğunuz insanlardan, bir sözlə səyahətdən zövq alın.

 

 

 

 

Comments