Bunu belə də ifadə edə bilərik: Sənin olan hər şey ən
çox ehtiyacın olan anda səni tapır. Özümü tanıyandan psixologiya təhsili almaq
istəsəm də, məndən asılı olmayan səbəblərə görə alınmayıb. Amma alınacağından əmin idim, çünki həqiqətən
istəyirdim. Və düz 11 il sonra alındı. Anladım ki, əsl vaxtı elə indidir. Yəni
bizim zaman anlayışımızla həyatın zaman anlayışı üst-üstə düşmür. Sadəcə səbirli
olmaq lazımdır.
Öyrəndim ki, vaxtı gələndə getməyinə icazə vermək lazımdır.
Amerikan şair Mery Oliver deyir ki,
Bu dünyada yaşamaq üçün
Üç şeyi bacarmalısınız:
Fani olanı sevmək;
Bütün həyatınızın ondan asılı olduğunu bilərək möhkəmcə
ona sarılmaq
Və getmək vaxtı gələndə getməyinə icazə vermək.
Burada söhbət təkcə insanlardan yox, hər şeydən
gedir.
5 illik münasibətimi bitirəndə sadəcə bir şeyi bilirdim.
O da iç səsimin “Bilirəm asan deyil, amma lazım olan budur” deməsi idi. Doğan Cücəloğlu oxuyanlar anlayar məni: “İçin
bilir, içinə sor”
Öyrəndim ki, özündən başqa gedəcək yerin yoxdur.
İllər öncə xaricdə təhsil almaq üçün dəridən-qabıqdan
çıxır, ailəmlə üz-üzə gəlirdim. Düşünürdüm ki, burdan uzaqlaşsam yeni məni
yaratmaq daha asan olacaq. Amma öyrəndim ki, məkanın fərqi yoxdur, bütün
hallarda son dayanacaq içindəki sənsən. Onunla nə qədər tez üzləşsən, onu nə qədər
tez dinləsən həyat daha asan olacaq. Etiraf edirəm ki, bu illər ərzində özümə
qarşı çox qəddar olmuşam. Buna görə də dəfələrlə burdan sınanmışam. Öyrənmək
istəmədiyim, dəfələrlə üzümə sillə kimi dəyən bu dərsi nəhayət ki Kreşendoda
öyrəndim. Öyrəndim ki, özün olmağın haqqını
verməlisən. Öyrəndim ki, həyatın mərkəzi özünsən, elə bu an xoşbəxt olmağı seçə
bilərsən.
Öyrəndim ki, düşüncə, disiplin, vərdiş vacibdir.
Öyrəndim ki, 20-ə qədər başqalarını
günahlandırırsan, ağıllı olduğunu düşündüyün üçün. 30-a qədər özünü
günahlandırırsan, cahil olduğunu düşündüyün üçün. 30-dan sonra isə “Allah kərimdir”
deyib avtopilota bağlayırsan həyatı.
Öyrəndim ki, həyat bəzən rəqs, bəzən döyüşdür.
Mark Avreli “Düşüncələr” kitabında deyir ki, həyat
döyüşdür, hər zaman döyüşə hazır olmalısan. Görüşlərimizin birində mentorum
demişdi ki, həyat rəqsdir, özünü musiqinin, ritmin ixtiyarına ver. Mənə görə həyat
hər ikisidir: bəzən döyüş, bəzən rəqs. Sadəcə nə vaxt döyüş əlcəyi geyinəcəyini,
nə vaxt musiqinin ritmini artıracağını özün seçirsən.
Və bilirəm ki, qarşıda hələ çox döngələr, çox yol
ayrıcları var. Dəyişikliyə açıq olduğun müddətcə hər şeyə hazırsan.
Həyatdan öyrənmək diləyi ilə...
Comments
Post a Comment