Birinci kateqoriya işi-gücü, təhsili yerində, karyerasını
qurmuş insanlardır. Kənardan həyatları mükəmməl, özləri xoşbəxtdirlər. Di gəl
ki, əslində belə deyil. Həyatlarının bir mərhələsində iş-ailə balansının mif
olduğunu, yükün daim onların çiynində olduğunu anlayıblar. Halbuki düzgün seçim
etdiklərindən əmin idilər. Əmin idilər ki, seçdikləri “həyat” yoldaşı hər
addımda onlara dəstək olacaq, ənənəvi şərqli kimi deyil, müasir avropalı kimi
davranacaq. Xəyalları çox keçmədən suya düşən bu insanlar həyata daha çox
tutunur, həyatlarında boş qalan mənəvi boşluğu karyerasına daha çox
fokuslanmaqla doldururlar. Amma bir müddət sonra bu da nəticəsiz olur. Çünki mənəvi
boşluğu zehni yüklə doldurmaq olmaz. Nəticəsi tükənmişlik sindromuna,
aqressiyaya gətirib çıxaracaq. Belə ananın uşaqları sevgiyə ac, amma nə istədiyini
bilən, qətiyyətli, dünyagörüşlü olurlar.
Birincilər deyir: tələsmə, sənin olan gəlib səni
tapacaq. Əvvəlcə arzularına, məqsədlərinə fokuslan. İnkişaf et, stereotiplərə
ilişib qalma. Fürsətləri vaxtında dəyərləndir. İlk imkanda buradan qaç.
İkinci kateqoriyaya sadəcə ailə qurmaq xətrinə ailə
qurmuş şəxslər daxildir. Axınla gedən, həyatı dərk etmə fürsətini dəyərləndirməmiş,
səhv etdiklərini etiraf etmək cəsarəti olmayan şəxslərdir. Bəzən hətta ata
evindəki danlaqdan təngə gələrək xials yolunu ər evində görən qadınlardır. Yağışdan
çıxıb yağmura düşənlər. Doğan Cüceloğlu onları “mış gibi yaşamışlar”
adlandırır. Onlar deyir: hamının ailəi olmalıdır, sonra gec olacaq, yaş keçir.
Hər şeyin vaxtı var.
Birincilərə “ailə qurmağı düşünmürəm” desən çox
normal qarşılayar, hətta aralarında bu qərar münasibətilə səni təbrik edənlər də
olar.
İkincilərə “ailə qurmağı düşünmürəm” desən gözləri
hədəqəsindən çıxar, özləri də cin atına minərlər: əstağfirullah de, təklik
Allaha məxsusdur deyər, səni də özlərinin düşdüyü bədbəxtlik yuvasına dəvət edərək
təsəlli tapar. “Mən xoşbəxt deyiləmsə, heç kim olmasın.”
İkincilərin yetişdirdiyi uşaqlar qurban psixologiyasında
olur, ətrafdan təsdiq gözləyir, nə istədiyini bilmir, məsuliyyət götürmək yerinə
başqalarını günahlandırmağı seçir.
Bu iki kateqoriyanı birləşdirən bir cəhət var: hər
ikisinin ağzı yanıb, seçimlərində yanılıblar. Etiraf etsələr də, etməsələr də. Tolstoyvari
desək, hərəsi bir cür bədbəxtdir.
Mən bu insanlara çevrilmək istəmirəm. Bəs doğru
insanı necə tapmalı?
Doğru qərarlar vermək diləyiylə...
Comments
Post a Comment