Çinli yazıçı Yu Huanın “Yaşamaq” romanında
1940-70-ci illərdə Çində baş verən sosial, siyasi, tarixi hadisələr bir ailənin
hekayəsi fonunda təqdim edilir. Roman 1993-cü ildə yazılıb. Çində bir müddət
qadağan edilmiş kitablar siyahısına düşüb. Yu Hua deyir ki, bir zəncinin ağrılı-acılı
həyatından bəhs edən “Yaşlı, qaradərili Co” mahnısını dinləyərkən bu romanı
yazmaq ideyası ağlına gəlib.
Kitabın üz qabığı və adı çin fəlsəfəsini
xatırladırdı mənə. Sadə, ağ-qara dizayn, bir az da iddialı ad. Kitabı oxuyanda isə
üzərindəki qara rəngin torpağın simvolu olduğunu anladım.
Keçək əsərin məzmununa. Baş qəhrəmanımızla sizi tanış
edim: atasının var-dövlətini çapıb-talayaraq ömrünü puç edən Xu Fugui.
Əsəri iki hissəyə bölə bilərik: İnqilabdan əvvəl və
inqilabdan sonra.
İnqilabdan əvvəl Fugui varlı, torpaq sahibi bir
kişinin oğludur. Qumar, eyş-işrət, yolundan azma-bir sözlə bütün böyük günahları
bir-bir dadır. Di gəl ki, armud dibinə düşər. Fuguinin atası da gəncliyində az
günaha batmayıb. İndi oğlunun onun yolu ilə getməsindən daha təbii nə ola bilər?
Qumar oynayaraq atasının qumarda
itirdiklərini geri qazana biləcəyini düşünən gənc və ağılsız Fugui həyat
yoldaşına, qızına, anasına nələr çəkdirmir...
Deyirlər ki, valideynin günahlarını uşaqları yuyar.
Fugui də başına gələcəklərdən xəbərsiz atasına onun öz atasına yaşatdıqlarını
yaşadır.
İnqilab ərəfəsində Fugui hər şeyi qumarda uduzur. Bu
da atasına şillə kimi dəyir. Bir vaxt o da eynilə Fugui kimi oğul olmuşdu... Tarix
təkrarlanır.
İnqilabdan sonra isə Fugui üçün həyat 180 dərəcə dəyişir.
Başı əlhəd daşına dəyir, yavaş-yavaş anlamağa başlayır uşaqlarının gələcəyini vəhşi
zövqlərinə qurban verdiyini. Onu çox sevən Jiazhenin qəlbini necə qırdığını,
atasının ölümünə səbəb olduğunu anlayır. Amma bu peşmanlıq nə ölüləri
diriltmir, nə qırılan qəlbi təsəlli etmir. Onun günahlarını övladları Fengxia və
Youqing yuyur. Axı nəslin üzərində olan günah təmizlənməlidir.
Fugui kasıblıqla, ehtiyac içində yaşamaqla
gühanlardan arındığını, bir zamanlar ona verilənləri geri qaytardığını düşünür.
Amma...
İnqilabdan əvvəl hər sındırdığı ürək, hər incitdiyi
can üçün inqilabdan sonra bir can verənə qədər. Bəs niyə əsərin adı
“Yaşamaq”dır? Çünki söhbət özün üçün yox, başqaları üçün yaşamaqdan gedir.
Sevdiyi bir canı alan hər ölüm onu həyatda qalanlara daha da bağlayır, onlar
üçün yaşamalıyam deyir Fugui. Bu, o qədər ağrılıdır ki...
Fugui o adamlardandır ki, Allah haqq-hesabını o
dünyaya saxlamır. Ata, ana, həyat yoldaşı, iki övlad, kürəkən, nəvə... hamısını
özü qəbirə qoyur. Sanki kimsə Xu nəslini “sizi görüm əcəlinizlə ölməyəsiniz”
deyə qarğımış, namaz üstə dua etmişdi.
Təsəvvür edin ki, bir ana övladları özündən əvvəl
ölüb deyə, balaca canları artıq dünya əzabından xilas olub deyə sevinir, onlara
qovuşmaq üçün öz ölümünü gülərək qarşılayır.
Əsərdə ürək ağrıdan, “cızz” elətdirən o qədər məqamlar
var ki. Yazıçının böyük acıları kiçik həyatlar üzərindən sadə dillə təsvir etməsi
çox təsirli idi. Əgər qəlbiniz hələ daşa dönməyibsə kitabı oxuyarkən
ağlayacağınıza zəmanət verirəm.
Yaşamaq diləyilə...
Comments
Post a Comment