Vaqif Mustafazadənin ev muzeyini ziyarət edərkən
bir uşaqla qarşılaşdım. Bir neçə saniyə baxışdıq. O an ağlıma “əgər bu uşaq öz
uşaqlığım olsaydı ona nə deyərdim” sualı gəldi. Ona nə deməyi istərdim, ümumiyyətlə
ona deməyə sözüm vardımı?
Elə uşaqlar günündə suala cavab verim.
O uşaqla qarşılaşma fürsətim olsa ilk öncə heç nə
deməzdim. Onu möhkəm qucaqlayıb ağlamasına, bəzi sualların cavabını gözlərimdə
axtarmasına icazə verər və sakitləşməsini gözləyərdim.
Sonra deyərdim: gələcək həmişə naməlum, bilinməz
olacaq, bu səni qorxutmasın. Çətin günlər yaşayacaq, uzun yollar gedəcəksən.
Yenə də qorxma. Hər zaman səni olduğun kimi sevən və dəyərini bilənlər olacaq.
Bəzən onların varlığından xəbərin olmasa belə...
Həyatına gələn hər kəs səni yaralayacaq. Ailən,
dostların. Və bütün insanlar. Yaralarını özün sağaldacaqsan. İllərini alacaq,
amma sonda çiçək açacaqsan. Çiçək açmağından qorxanlar, fidanlarını məhv etsə də,
içindəki toxuma heç nə edə bilməyəcək və sonda gözəlliyindən utanacaqlar. Onları
bağışla. Onda həyatın daha asan olduğunu görəcəksən.
Yaralandığın yerə ilişib qalma, zamanı saxlaya bilməzsən.
Bəzən axınla üzəcəksən, bəzən isə axının əksinə gedəcəksən. Nə zaman hansını edəcəyini
içindəki toxum sənə deyəcək. Onun səsini heç zaman susdurma.
Sərhədlərini, dəyərini, potensialını özün təyin et.
Sənə inanmayanları sadəcə həyatından çıxar və doğru bildiyini etməyə davam et.
Səhv etməkdən çəkinmə, utanma. Hisslərin hər zaman haqlıdır. “Heç kim bilməsə
də için bilir”.
Mükəmməl olmağa ehtiyacın yoxdur. İllərini buna sərf
etmə. Xoşbəxtsənsə, qalanı vacib deyil.
Həyatından gedənləri gülərək yola sal, həyatına gələnləri
də gülərək qarşıla. Hərə sənə bir şey öyrədəcək. Bu dərslər üst-üstə gələcək və
səni sən edəcək.
Birdə xoşbəxt anlarının dəyərini bil, bir yerə
topla və saxla. Onların dəyərini anlamaq üçün indi çox balacasan, amma zamanı gələndə
nə dediyimi başa düşəcəksən.
Özünlə fəxr edənə qədər dayanma, öz üzərində işlə.
Əziz özüm, sənə güvənirəm.
Unutma, illər sonra yenidən qarşılaşsaq səni
bugünkü kimi sevgi ilə qucaqlamağa hazır olacağam.
Sevgilərlə...
Comments
Post a Comment