Mahsun Kırmızıgül deyəndə ağlıma atamın 2000-ci illərdə
aldığı amma bəyənmədiyi üçün atdığı “Yıkılmadım” cd-si gəlir. Mən o cd-ni
götürüb saxlamış, bir neçə il sonra məktəbimizə kompüter veriləndə informatika
dərslərində qulaq asırdım. Onunla birgə olmayan eşqin acısını çəkir, zalımlara
üsyan edir, həyatdan şikayətlənirdim.
Mahsunun xarizmasını çox bəyənirdim. Səhnədə duruşu,
sərt və kədərli baxışları, üz cizgiləri, hər zaman ciddi görünüşü, yanıqlı səsi-
bunları indi də (on beş-iyirmi il sonra) sevirəm...
Ən çox sevdiyim üç müğənni bir-birindən o qədər fərqlidir
ki, bəzən özüm də bu fərqliliyə təəccüblənirəm. Freyd olsaydı deyərdi ki...
Sərdar Ortac sənin “id”indir. İçindəki uşağı təmsil
edir. Həmişə şıltaqlır edir, başqalarının nə düşündüyünü vecinə almır, istəklərinin
ardınca gedir. Bəzən bu istəklər onun xeyrinə olmasa belə.
Mahsun sənin “eqo”ndur. Cəmiyyət və daxilin arasında
balansı qorumağa çalışır. Bir tərəfdən üsyan edir, digər tərəfdən baş verənləri
qəbul edir, hər zaman vicdanına hesabat verir. Amma heç vaxt məğlubiyyəti qəbul
etmir.
Andrea Bocelli isə “supereqo”ndur. İçində nə yaşasa
da kənardan hər zaman qüsursuz görünür, üsyanı belə gülümsəyərək edir. Sosial
gözləntilərlə hesablaşmağı unutmur. Sirli təbəssümü, mənalı baxışları da öz
yerində.
Sərdar Ortac konserti məni deyib-gülərək, oynayaraq əylənməyə, içimdəki
uşağı və özümü sevməyə ilhamlandırmışdısa, Mahsun konserti əsl “mən”imi qəbul
etməyə, yaşadıqlarımın bir səbəbi olduğunu düşünməyə, əzabın da həyatın bir parçası
olduğunu qəbul etməyə vadar etdi.
Görək Bocelli konsertində başımıza nə gələcək...
Comments
Post a Comment