İlk sevgi başlanğıcdır, hələ nə ağrı, nə də yara
var. Başlanğıcda hər kəs fərqli sevir. İlk
və son dəfə qəlbi və ruhu ilə sevir. Yaz yağışından sonra ürkək-ürkək dünyaya
boylanan bənövşə kimi utancaq olur və tez bitir bu eşq. Hələ yaralar olmadığı
üçün tez bitir. Yara olsun deyə tez bitir.
İlk sevgi peyvənd olmaq, immunitet qazanmaq
kimidir. Bir dəfə incidir, amma təsiri ömürlük olur. İstəsən də ondan qurtula
bilmirsən.
Sonra hamı eyni sevir. Özü fərqində olmasa belə yaraları
qədər, yaralarının icazə verdiyi qədər, boşluqlarını doldurduğu, ağrılarını
dindirdiyi qədər sevir. Onun qəlbini, ruhunu sevdiyini düşünür, amma özündəki
yerini sevir əslində. Eqoistcəsinə.
Bəziləri də sevməyin onlara görə olmadığını düşünərək
yaralarını gizlətməyi seçir...
Allah “Əhzab” surəsinin 72-ci ayəsində deyir: “Həqiqətən,
Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən
imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən,
o, çox zalım və çox cahildir.”
Hər şeyi cahilcəsinə yüklənən insan sevgini də yükləndi.
İçindəki özündən böyük eqo, tamah Adəmdən bu yana başına bəladır insanın. Bir
gülüşə, bir baxışa cənnəti satacaq qədər çox sevdiyini düşünür cahil insan. Özü
ilə mübarizədə uduzduğunu bilmədən.
Comments
Post a Comment