İkiqai yapon dilində (iki-həyat, qai-məna, səbəb)
yaşam səbəbi deməkdir. Başqa sözlə ikiqai səhərlər səni yatağından qaldıran səbəb,
əsrlərdir soruşulan “mən kiməm, niyə buradayam, həyat məqsədim nədir” suallarına
yaponsayağı cavabdır.
İkiqai 4 dairənin kəsişməsidir:
Nəyi sevirsən? – Bu, ehtirasındır. (Passion)
Nəyi yaxşı bacarırsan? – Bu, sənətindir. (Profession)
Dünyanın nəyə ehtiyacı var? - Bu, missiyandır.
(Mission)
Sənə nə üçün pul verirlər? – Bu, işindir.
(Vocation)
Bu 4 dairənin düz mərkəzi ikiqaidir.
İkiqainin 5 önəmli sütunu var. Bunlar kiçik addımla
başlamaq, özünü sərbəst buraxmaq, harmoniya və davamlılıq, kiçik şeylərlə xoşbəxt
olmaq, indiki anı yaşamaq.
Qulağa xoş gəlsə də, əməl edilməsi çətindir. Buna
görə də ikiqaini tapmaq asan deyil.
Bəs ikiqaini necə tapaq? Məncə bu sualın ən tutarlı
cavabı budur: “özümüzü tanıyaraq”.
Mənə gəlincə ikiqaimi tapdığımı düşünürəm. Ən azından
hələlik.
İkiqaim ömür boyu öyrənməkdir. Oxumaq, yazmaq,
qeydlər götürmək, öyrəndiklərimi paylaşmaq, kömək üçün müraciət edilmək və faydalı
ola bilmək və özümlə vaxt keçirmək məni xoşbəxt edir. Məncə dünyanın elə buna
ehtiyacı var. Öyrəndikcə heç nə bilmədiyimi anlamaq və daha çox öyrənməyə çalışmaq
məni xoşbəxt edir. Oxumaq istədiyim sonsuz sayda kitabın olması məni xoşbəxt
edir. Yazmaq, hiss etdiklərimi kağıza tökmək məni xoşbəxt edir. Kitablarda altından
xətt çəkdiyim hər bir cümlə, işarələdiyim hər bir səhifə, yazdığım hər bir sətir
məni xoşbəxt edir. Rəngli qeydlərlə doldurduğum dəftərlərim məni xoşbəxt edir. Etmək
istədiklərimin çoxluğu məni xoşbəxt edir.
Və mən anlamıram. Dünyada bu qədər öyrəniləsi, zövq
alınası şeylər varkən, niyə bəzi insanlar öz həyat məqsədini, yaşam səbəbini
tapmır?
Siz də o insanlardansınızsa linkə daxil olaraq qısa
testdən keçə və ikiqainizin olub-olmadığını yoxlaya bilərsiniz:
https://ikigaitribe.com/ikigai/the-ikigai-questionnaire/
İkiqainizi tapmağınız diləyilə...
Comments
Post a Comment