30 yaşında intihar edən Silviya Platın yeganə romanı olan “Bell Jar” 1950-60-cı illərin əvvəllərində qadınların üzləşdiyi problemləri dərindən təhlil edir və feminist ədəbiyyatın əsas əsərlərindən sayılır. Roman baş qəhrəman Esterin dili ilə cəmiyyətin qadından gözləntilərini, qadının psixi sağlamlığını və həyatda öz yerini tapmaq cəhdlərini araşdırır. Plat qadınların patriarxal cəmiyyətdəki mübarizəsini kəskin və satirik təsvir edir.
Əsərdə ənənəvi gender rolları ilə məhdudlaşdırılan
qadının sosial gözləntilərə, “qadın hər şeydən əvvəl həyat yoldaşı, ana,
bacıdır” stereotipinə etirazını eşidir, bu mübarizəni apararkən ona vurulan damğalarla
yaralanır. Bütün bunlara baxmayaraq əsər öz azadlığı uğrunda mübarizə aparan
bir qadının çağırışı, manifestidir.
Kitabın ana xəttini iki mövzu təşkil edir: qadından
sosial gözləntilər və mental sağlamlıq.
Patriarxal cəmiyyətdə yaşayan və yetkin həyata yeni
başlayan bir gənc qız üçün bu mövzulara toxunmaq qadağandır, amma o, danışmaq
istəyir. Susdurulduqca, dinlənilmədikcə şüşə qapağın altına çəkilir, boğulur. Və
onu bura itələyənlərə nifrət edir. Amma o, anlamır ki, hələ o doğulmamışdan
çox-çox əvvəl ixtiyar sahibi cəmiyyət şüşə qapağın altında onun yerini
hazırlamışdı. Bu ixtiyarı onlara kimin verdini sorğulamağa isə onun haqqı yoxdur.
Şüşə qapağın altında boş və ölü bir körpə kimi
duran insan üçün dünya özü də pis bir yuxudur. (“To the person in the bell jar,
blank and stopped as a dead baby, the world itself is a bad dream.”)
Esterin dünyada öz yerini tapa bilməməsi,
ambisiyalarının və istəklərinin tez-tez boğulması psixi sağlamlığı ilə mübarizəyə
gətirib çıxarır. Özünü tanıyandan bəri şair olmaq, şer yazmaq istəyən bir qıza
sizcə dünya ədalətli davranarmı?
“Problem onda idi ki, mən hər hansı şəkildə kişilərə
xidmət etmək fikrinə nifrət edirdim. Mən öz həyəcanlı məktublarımı diktə etmək
istəyirdim”.(“The trouble was, I hated the idea of serving men in any way. I
wanted to dictate my own thrilling letters.”)
Əziz Silviya,
30 yaşında “Bell Jar”-ın nəşrindən cəmi bir ay sonra həyatla vidalaşmağını anlayıram. Axı demək istədiklərini dedikdən sonra ölməyin ya qalmağın elə də fərqi olmur. Sənə ölümlə başa gəlsə belə, o şüşə qapağı sındırdın. Ümid edirəm, o şüşə qırıqları səni qapağın altında yaşamağa məhkum edənlərin gözünü çıxarıb.
Comments
Post a Comment