Bir noyabr günü tənha payız meşəsində gəzirsən. Hər
tərəfdə saralmış yarpaqlar, otlar var. Və birdən ömrünün son günlərini yaşayan
bu yarpaqların arasında qarşına bir zəncirotu çıxır. Payızın ortasında çiçək
açmış, və sanki vaxtsız çiçəklədiyi üçün görünüşündən günahkarlıq yağan bir zəncirotu.
Ətrafdan fərqləndiyi üçün utanan bir zəncirotu. Bu mənzərəni görən anda ağlıma
sadəcə bir cümlə gəldi: çiçəkləmək vaxtın gələndə ilin hansı fəslində
olduğunun heç bir önəmi yoxdur. Ətrafın lap qar-boran olsa da, sən çiçək
açmağında ol.
Çiçək açdığın üçün kim səni günahlandıra bilər? Axı
hər insanın həyat şərtləri fərqlidir. Həyat hamıya eyni davranmır. Xoşbəxtliyi
də, ağrı-acını da hamı ayrı cürə yaşayır. Kiminsə bugünkü həyatının sənin illər
sonrakı həyatın olmasından daha təbii nə ola bilər? Və ya əksinə.
Noyabrda çiçək açan zəncirotu, sən heç də gecikməmisən.
Sadəcə sənin vaxtın indi yetişib. Axı hər şeyin zamanı var...
Bəzən yanlış zamanda, yanlış yerdə çiçəklədiyini
düşünən o boynubükük zəncirotu kimi hiss edirəm. Çox şey üçün gecikdiyimi
düşünürəm. Depressiv hiss etdiyim, gecikməyimə səbəb olanları günahlandırdığım,
hamıdan şikayət etdiyim, “hər şey vaxtında olsaydı, indi çox fərqli olardı” - deyə
düşündüyüm vaxtlar da olur.
Amma sonra hər şey keçir. Çünki planlarına
inandığım biri var. Yetkinləşdikcə daha yaxşı anlayıram ki, hər şeyin öz vaxtı
var. Özümü dağa-daşa vurmaqla, ağlayıb sızlamaqla vəziyyəti daha da pisləşdirməkdən
başqa bir iş görmürəm. Və hər şeyi ilahi ədalətin öhdəsinə buraxıram.
Çünki məni məndən daha yaxşı tanıyan, mənim üçün nəyin
daha yaxşı olduğunu məndən daha yaxşı bilən biri var. Bu, məni rahatlaşdırır.
Ona görə çiçək açmağa davam edirəm. Qəlbimdə
bahardırsa, çöldə tufan olması vecimə deyil.
Lap o zəncirotu kimi... 💛
Vau!🌻❤️
ReplyDelete