“Həyat üçün 12 qayda: Xaosa qarşı panzəhər” kitabı
müəllifin “Quora”da insanların həyatla bağlı müxtəlif suallarına cavab verməsi
nəticəsində əmələ gəlmiş siyahılardan ilhamlanaraq yazılıb. Bir növ Peterson ondan
həyat məsləhəti istəyən insanlardan “bezərək” hamıya toplu şəkildə cavab verməyi
qərara alıb. Beləcə, bu mükəmməl kitab ərsəyə gəlib.
Hər sətrinin altından xətt çəkmək istədiyim,
acgözlüklə, yorulmadan, maraqla oxuduğum kitab oldu. İnsanların zombiləşdiyi,
sosial şəbəkə, ağıllı telefon, süni intellekt kimi ağrısız silahların yayıldığı
müasir dünyada kitab oxumaq yavaş-yavaş dəbdən düşür. Hamı səbirsiz, duyğusuz məxluqa
çevrilir, beynini işlətmək yerinə ən
xırda şeylər üçün belə chat gbt-yə hücum çəkir. Belə bir dövrdə mütaliə kimi
bir vərdişi qorumaq çox çətindir.
Kitabla bağlı təəssüratlarım o qədər fərqli və
qarışıqdır ki, beynimdəkiləri kağıza tökməkdə çətinlik çətirəm. İlk öncə onu
deyim ki, kitab xaos və nizamın balansı haqqındadır. Petersona görə nizam və
xaos məşhur in-yan simvolu kimidir. Nizam in-yanın ağ tərəfi, maskulin tərəfidir.
Xaos isə qara və feminin tərəfidir. Onların kəsişməsi isə transformasiyanın
mümkünlüyünü ifadə edir.
Başlayaq birinci qaydadan.
Qayda 1: Çiyinləriniz arxada düz durun. (Stand up straight
with your shoulders back)
Bu qaydadan nə götürməli olduğunu anlamaq üçün bir
cümlə kifayətdir: aristokratiyaya soyuq dəyəndə pnevmoniyadan ölən işçi sinif
olur. Ona görə də hər vəziyyətdə üstünlüyünü qorumağa çalışmalısan. Üstünlük dərəcənə
isə özündən daha çox ətrafdakı insanların fikrinə əsasən qərar verdiyin üçün ehtiyatlı olmalısan.
Bu qaydada müəllifin toxunduğu digər məsələ günlük
rutinlərlə bağlıdır. Deyir ki, hər gün eyni saatda yatıb eyni saatda durmursansa
xeyri yoxdur. Əvvəl yuxu rejimini düzəlt, sonra dəyişmək haqqında fikirləş.
Başqa sözlə, qazanmaq istəyirsənsə, silkələn və
özünə gəl. Məğlub ola bilərsən, amma məğlub vəziyyətində qala bilməzsən. Çiyinlərin
arxada, düz durmaq həyatın dəhşətli məsuliyyətini şüurlu şəkildə dərk etməkdir.
Qayda 2: Özünə kömək etmək üçün məsuliyyət
daşıdığın biri kimi davran.( Treat yourself like someone you are responsible
for helping)
Yəqin ki, bu qaydanı oxuyanda ağlına gələn ilk şey
özünü sevmək, yaxşı davranmaq oldu. Amma qayda başqa şeyi deyir. Deyir ki, nə
istədiyinə, səni nəyin xoşbəxt etdiyinə yox, sənin üçün nəyin daha yaxşı
olduğuna bax. Fərqi görə bilirsən? Və əlavə edir ki, hadisələrə baxışın başqa
yollarının mövcud olması faktını qəbul etmək belə bizim üçün çox çətindir.
Bu qaydada dəyərli Peterson xaosu cahilliyin mərkəzi,
kəşf edilməmiş ərazi, sərhədlərin bitdiyi yer, eyni zamanda ürküdücü azadlıq
adlandırır. Yəni hər həqiqətin birdən çox üzü var. Mehriban, qoca itlər də dişləyə
bilər, unutma.
Bu qaydada ən çox sevdiyim bu sual cümləsi oldu: əziz
valideynlər, uşaqlarınızın güclü olmasını yoxsa təhlükəsiz böyüməsini istəyirsiniz?
Məncə bütün valideynlərin üzərində düşünməli olduğu sualdır...
Qayda 3: Sənin üçün ən yaxşısını istəyən insanlarla
dost ol.( Make friends with people who want the best for you)
İstəmək azdır. Səndən daha yaxşı biri olmağınız tələb
edən, sənin potensialını səndən daha yaxşı bilən insanlarla dost ol. Belə dosta
sahibsənsə təbrik edirəm, xoşbəxtsən.
Qayda 4: Özünü dünən kim olduğunla müqayisə edt,
başqasının bu gün kim olduğu ilə deyil. (Compare yourself to who you were
yesterday, not to who someone else is today)
Nə istədiyini özündən soruşmusan? Özünə ədalətli
davranırsanmı? Yoxsa özünlə tiran-kölə şəraitində yaşayırsan?
Ümumiyyətlə, müqayisə təhlükəli metoddur. Özünüzü
digərləri ilə müqayisə etmək isə daha təhlükəlidir. Hər kəsin həyat şərtləri, təcrübələri
fərqli olduğu üçün müqayisə məntiqsizdir. Və müqayisə çox hallarda qısqanclığa,
özünəinamın azalmasına və dəyərsiz hiss etməyə gətirib çıxarır. Ona görə də, əgər
müqayisəyə ehtiyac görürsənsə, özünü müqayisə etməli olduğun yeganə insan
güzgüdədir.
Təəssüf ki, bəzən anlamadığının, görmədiyinin fərqində
belə deyilsən...
Qayda 5: Övladlarına onların xoşuna gəlməməyinə səbəb
olacaq hər hansı bir iş görməyə icazə vermə. (Do not let your children do
anything that makes you dislike them)
Bu qaydadan götürməli olduğun dərs budur ki, övladı(ları)na
onları gözündən salacaq hərəkətlər etməyə icazə vermə. Uşaq valideynin gözündən
düşərsə, digər insanların gözündə də heç olar.
Qayda 6: Dünyanı tənqid etməzdən əvvəl öz evini qaydaya
sal.( Set your house in perfect order before you criticize the world)
Hər şey daxildən başlayır. Əvvəlcə həyatın çətin
olduğunu və bu dünyada (əslində o biri dünyada da) hər kəsin ağrı-acı, əziyyət
çəkəcəyini qəbul et ki, sonrakı mərhələni qəbullanmaq asan olsun. Daha sonra əlinə
süpürgəni al və həyatını təmizləməyə başla. Səhv etdiyinin fərqində olduğun şeyləri
etməyi elə bu andan etibarən saxla. Daxili səsinin sənə bələdçilik etməsinə icazə
ver.
Qayda 7: Mənalı olanın arxasınca get, məqsədəuyğun
olanın deyil.( Pursue what is meaningful (not what is expedient).
Cəmiyyətin, sosial normaların və ya ailənin çiyninə
yüklədiyi şeyləri daşımaq məcburiyyətində deyilsən. Qayda 1-i xatırla, çiyinlərin
arxada düz duranda sənə əziyyət verən yüklər öz-özünə tökülməyə başlayacaq. Amma unutma: köklərin cəhənnəm atəşini dadmamış
cənnətə ucala bilməzsən. Əzizim Jordan burda deyir ki, həyat sən doğru vaxtda,
doğru yerdə - xaos və nizamın düz ortasında
bütün varlığınla duranda məna qazanır. Təbii ki, çiyinlərin arxada, düz
durmalısan.
Qayda 8: Düzünü de və ya heç olmasa yalan danışma.(
Tell the truth, or, at least, don't lie)
İlk öncə yox deməyi öyrən. Yox deməli olduğun halda
demirsənsə, bu sənin xarakterini zəiflədir. Özünə xəyanət etmiş olursan. Gəlmiş-keçmiş
bütün psixoloqların dediyi bir cümlə var: yalan şəxsiyyəti sapdırır.
Qayda 9: Dinlədiyin adamın sənin bilmədiyin bir
şeyi bilə bildiyini unutma.( Assume that the person you are listening to might
know something you don't).
Həqiqi dinləmənin necə bir təcrübə olduğu haqqında
bir fikrin varmı? Əminəm ki, yox. Çünki dinləyən insan bütün cəmiyyəti təmsil
edir. Çünki dinləmək hədsiz təhlükəlidir. Çünki dinləmə cəsarət tələb edir. Və
Peterson deyir ki, sadəcə susmağı bacarmaqla olduqca ağıllı olduğunu göstərə
bilərsən.
Qayda 10: Nitqində dəqiq ol.( Be precise in your
speech)
Həqiqətən nə demək istəyirsənsə onu de. Bu, səni varlığın
xaosu ilə üzləşdirəcək. Və çətinliklərə qarşı addım atmağına səbəb olacaq.
Qayda 11: Uşaqlar skeytbord sürərkən onlara mane
olma. (Do not bother children when they are skateboarding)
Yunqdan sitat gətirən Peterson deyir: əgər hər hansı
bir şəxsin bunu niyə etdiyini anlamırsansa, etdiyinin nəticəsinə bax və təhlil
et.
Ardınca cəmiyyətdə əksəriyyətin qəbul etdiyi yanlış
inanca toxunur: əgər oğlan uşaqları kiçik yaşlardan qızlar kimi tərbiyə edilsə,
onlar da həssas, anlayışlı olar, ətrafdakı aqressiv kişilər azalar.
Bu tamamilə səhv yanaşmadır. Çünki aqressiya ta əvvəldən
elə olduğu yerdə idi. Yəni xarakterin doğuşdan gələn, öyrədilə bilməyən hissəsidir.
Daha sonra Peterson buradan yola çıxaraq qadın-kişi
arasındakı psixoloji fərqləri təhlil edir.
Qayda 12: Küçədə pişiklə qarşılaşdığın zaman onu
sığalla. (Pet a cat when you encounter one on the street.)
Peterson bu qaydada həyatdakı kiçik şeylərə, bir
fincan qəhvəyə, günəşin doğmasına, qızılgülün ətrinə və ya bir heyvanı oxşamağa
diqqət yetirməyin sənə necə kömək edə biləcəyini göstərməyə çalışır. Ona görə də
küçədə pişik görəndə sığalla. Pişik sevmirsənsə it də olar.
Qaydalar haqqında bu qədər.
Kitabı oxuyub bitirəndən sonra mən nə oxudum, ilahi?-deyə
özümə sual verdim. Sanki Peterson qarşımda oturub bu günə qədər heç kimin etmədiyi
şəkildə mənə həyat dərsi verdi. Gah şillələdi, gah sığalladı, həm ağlatdı, həm
güldürdü. Amma nəticə etibarilə özümü və insanları daha yaxşı tanımağıma səbəb oldu.
Hər şey üçün çox sağ ol, Dr. Peterson. Dediyin kimi,
xoşbəxtlik bəlkə də zirvəyə gedən yoldadır, zirvədə deyil, çünki xoşbəxt yolçuluq
xoşbəxt sonluqdan yaxşıdır.
Xoşbəxt həyat səyahəti diləyiylə...
Comments
Post a Comment