Lao Tzu və Mahatma Gandinin vərdişlərlə bağlı oxşar
fikri var: “düşüncələrinə diqqət et, sözlərinə çevrilir, sözlərinə diqqət
et, hərəkətlərinə çevrilir, hərəkətlərinə diqqət et, vərdişlərinə çevrilir, vərdişlərinə
diqqət et, xarakterinə çevrilir, xarakterinə diqqət et, taleyinə çevrilir.”
Müşahidələrimə əsasən deyə bilərəm ki, faydalı vərdişlərə
sahib olmamaq bir çox insanın həyatını məhv edir. Bəs faydalı vərdiş nədir?
Gəlin əvvəlcə zərərli vərdişlərdən başlayaq. Yəqin
ki, ağlınıza ilk növbədə içki, siqaret, narkotik və s. gəlir. Bundan başqa,
vaxt öldürmək, ertələmək, məqsədsizlik kimi sonsuz sayda zərərli vərdişlər
saymaq olar.
Tolstoy deyir ki, dünyanı dəyişmək istəyirsənsə,
özündən başla. İllər əvvəl özümü dəyişməyə başladım. Bu gün faydasını
gördüyüm bir çox vərdişə sahibəm. Məsələn:
1.
Günlük, həftəlik, aylıq, illik to do listlər
yazmaq.
Ümumiyyətlə, hər şeyi siyahıya almaq, qeydlər
aparmaq kimi bir vərdişim var. İl ərzində oxuduğum kitabları, baxdığım filmləri,
bitirdiyim kursları, bir sözlə hər şeyi qeyd edirəm. Bu, bir növ özümə hesabat
xarakterli fəaliyyətdir. İl ərzində nə qədər məhsuldar olduğumu ölçməyə, eyni
zamanda, keçən ilki mənlə müqayisə aparmağa çox kömək edir.
Əminliklə deyə bilərəm ki, to do listin gücünə
inanmayanlar birbaşa cəhənnəmə gedəcək. İnanmırsınızsa, yoxlayın. Görməli
olduğunuz işləri ən azı bir gün öncədən yazsanız, ertəsi gün həm beyniniz rahat
olacaq, həm də artıq gözünüzün qabağında olduğu üçün yerinə yetirməyə daha qərarlı
olacaqsınız. Axşam yatağınıza girəndə gördüyünüz işlərin üstündən xətt çəkə,
etmədiyiniz işlərə görə özünüzü cəzalandıraraq yata bilərsiniz. Cəzalandırma
üsulları şəxsə görə dəyişir. Mən adətən özümü növbəti gün daha məhsuldar olmağa
söz verməklə cəzalandırıram. Yəni, həm bugünkü yarımçıq işlərimi, həm də sabah
görməli olduğum işləri bir yerdə edəcəyimə söz verirəm.
2.
Mütaliə.
Bu gün ağlı başında, mental sağlamlığı yerində bir
insan olaraq qala bilmişəmsə, səbəbi mütaliədir. Kiçik yaşlarımdan qazandığım
bu vərdiş üçün babama və qardaşıma təşəkkür düşür. Kitab oxumaq dünyanın ən gözəl
zövqlərindən biridir. Bir gün oxumasam, özümü günün ən vacib ibadətini buraxmış
dindar kimi hiss edirəm. Çantamda hər zaman kitab olur. Kitab oxumaqla bərabər
kitablar haqqında yazmağı, sevdiyim sətirləri rəngləməyi, bəzən dəftərə köçürməyi
də çox sevirəm. Hələ də mütaliə vərdişiniz yoxdursa, təəssüf ki, sizdə vəziyyət
heç yaxşı deyil.
3.
Yazı.
Yazmaq vərdişini gec kəşf etdiyim üçün təəssüf edirəm.
Gündəlik, bloq, hekayə, müşahidə - yaza biləcəyim nə varsa yazıram. Bir
introvert olaraq, yazmaq özümü ifadə etmək şəklimdir, deyə bilərəm. Təbii ki,
yazdıqlarımı kiminsə oxumasını istəmirəm. Oxunması mümkün olanları sosial şəbəkədə,
bloqda paylaşıram. Ruhumun qaranlıq və gizli tərəflərini ifşa edən digər yazıları
isə üzə çıxarmağa hələlik cəsarətim yoxdur. Yazmaq həqiqətən ruhun xilasıdır. İnanmayanlara
yazı terapiyası haqqında araşdırmağı məsləhət görürəm.
4.
Tez yatıb tez durmaq.
Bu da Tolstoyun illər öncə oxuduğum məsləhəti sayəsində
qazandığım vərdişdir. Sevimli yazıçım axşam saat 10-da yatıb səhər saat 5-də
durmağı vərdiş halına gətirmişdi. Onun qədər tez yatmaq alınmasa da, tez
durmaqla bağlı problemim yoxdur. İngilislərin dili ilə desək “morning person”
olduğum üçün ancaq səhərlər enerjili və məhsuldar oluram. Enerjim günəşin
doğması ilə mütənasib olaraq artır, batması ilə azalır.
5.
Meditasiya.
Bütün dinlərdə meditasiya hər hansı formada
praktika olunur. Mənim üçün meditasiya yoga, təkbaşına gəzinti, dəniz sahilində
günəşin doğması və batmasını izləmək, təbiətdə vaxt keçirmək, dua etməkdir. Meditasiya
beyni və qəlbi lazımsız düşüncələrdən təmizləmək, mənəvi rahatlıq tapmaq üçün ən
yaxşı vərdişdir. Hamının sakitliyə və hüzura ehtiyacı var.
6.
Sosial şəbəkə detoksu.
Bir neçə il öncə günün bir neçə saatını sosial şəbəkədə
keçirdiyimi fərq etdim. Ətrafımdakı insanlarla müqayisədə elə də böyük rəqəm
deyildi, amma həmin vaxtı daha faydalı işə sərf etmək qərarı verdim. Sosial şəbəkələr
narkotik kimidir. Bir dəfə batan çıxa bilmir. Gec olmadan bunu düzəltmək
lazımdır. Mən özümə ayda maksimum 3 dəfə sosial şəbəkədən istifadə etməyə icazə
verirəm. Nə vaxt əlim instagrama, facebooka uzansa, barmağımı məqsədli şəkildə
instagramın düz yuxarısına yerləşdirdiyim duolingoya aparıram.
7.
Öyrənmək.
Günün müəyyən hissəsini öyrənməyə ayırıram. Öyrənmə
deyərkən özümə maraqlı olan mövzuları araşdırmaq, xarici dil öyrənmək, coursera,
udemy kimi platformalardan əldə etdiyim kursları bitirməyi nəzərdə tuturam.
İtalyan, ərəb, urdu kimi fərqli dilləri öyrənməyə cəhd edirəm.
P.S. Hələ ki təkcə italyan dili alınır.
Bəs sizin hansı vərdişləriniz var?
Comments
Post a Comment