Whiplash 2014-cü ildə amerikan rejissor Demyen Şazel tərəfindən
ssenarisi yazılan və çəkilən filmdir. Filmin adı caz bəstəkarı Henk Levinin
eyniadlı parçasından gəlir. Bu caz parçası çətin quruluşu ilə seçilir, caza təzə
başlayanların kabusu hesab edilir.
Filmin baş oyunçuları nüfuzlu musiqi məktəbində caz
təhsili alan Endrü Neyman və onun ağır təbiətli, qara yumorlu müəllimi Terens
Fletçerdir. Uşaq yaşlarından baraban çalmaqla məşğul olan Neymanın ən böyük arzusu
dünyaca məşhur caz ustası olmaqdır.
Fletçer sərt xarakteri ilə tanınan, tələbələrlə
kobud rəftar edən, hətta onları təhqir edən bir müəllimdir. Müəllimin
davranışları bəzən tələbələrin motivasiyasını itirməsinə səbəb olsa da, müəllim
iddia edir ki, bu cür davranmasa tələbənin əsl potensialını üzə çıxara bilməyəcək.
Neyman kimi həssas bir tələbənin belə müəllimin
sinfində olması onun bütün həyatını dəyişir. Hər anını caza həsr edir, barmaqları
çalmaqdan qanayana qədər çalır, caza daha çox vaxt ayıra bilsin deyə sevdiyi qızdan
ayrılır, müəlliminin bullinqlərinə dözür...
Amma...
Festival günü gələndə müəyyən səbəblərə görə
gecikir və təbii ki, səhvləri bağışlamayan müəllimi onu həm orkestrdən, həm də
məktəbdən qovur.
Cazla sağollaşan Neyman günlərin bir günü Fletçerin
tələsinə düşüb yenidən səhnəyə çıxır. Fletçer isə işdən çıxarılmasına səbəb
olan Neymandan intiqam almaq üçün qəflətən səhnədə Neymanın heç vaxt çalmadığı
mahnıları istəyir.
Sonda təbii ki, istedad və əzm qalib gəlir. Neyman möhtəşəm
çıxır edir.
Fletçerin ona səhnəyə çıxmasını təklif edəndə
düşünmüşdüm ki, Neyman yox deyəcək. Ona mənəvi və psixi sarsıntılar yaşadan,
karyerasının başlamamış bitməsinə vəsilə olan bir müəllimə növbəti fürsəti verməyəcək.
Amma Neyman təklifi qəbul etdi.
Çünki arzusunu reallaşdırmaq üçün bir ehtimal
vardı. Arzusu əvvəl dünya şöhrətli cazmen olmaq idisə, indi artıq özünü Fletçerə
sübut etmək idi. Bu arzunun əvəzini öz şəxsiyyəti ilə, alçaltma və təhqirlə ödəsə
belə bir ehtimal var idi. Və o, bundan istifadə etdi.
Neyman bilirdi ki, Fletçer olmasaydı onun istedadını
bu qədər cilalayan, mükəmməl edən biri olmayacaqdı. Fletçer də bunu bilirdi və
məhz buna görə Neymanı cəzalandırmaq istəyirdi.
Filmin sonuncu səhnəsində Neymanın gözlənilməz çıxışı
zamanı Fletçerin üz ifadəsi hər şeyi açıqlayırdı. Bir tərəfdən “Bəli, mənim tələbəm
belə olmalı idi, üsyankar və mükəmməl” deyən mükəmməlliyyətçi Fletçer, digər tərəfdən
isə tələbəsinin ona qarşı çıxaraq səhnədə təkbaşına performans göstərməsini həzm
edə bilməyən dikbaş və eqoist Fletçer.
Filmin ötürdüyü əsas mesaj nə idi?
Uğur ağır zəhmət tələb edir, yetəri qədər cəsarəti
və səbri olanlar uğura çatır. Bəzən bu uğur bütün həyatımız bahasına başa gələ
bilir...
Fletçerin etdiyi bullinq və psixoloji şiddətə heç nə
haqq qazandıra bilməz, amma bu faktdır ki, hər birimizin həyatında bizi biz edən
məhz Fletçer kimi müəllimlər olur. Sərhədlərimizi yenidən çəkməyə, hətta sərhədsiz
olmağa bizi sövq edən insanlar.
Film boyu məni düşündürən bir sual var idi: arzuya
çatmaq uğrunda hər şeyi qurban vermək həqiqətənmi qəbul olunandır? Axı həyat təkcə
özünü sübut etmək, istedadını dünyaya tanıtmaqdan ibarət deyil. Bunları edərkən
həyatın bizə verdiyi digər nemətləri gözardı etmək həm mükəmməl olmaq cəhdlərinin,
həm də narsizmin əlamətidir.
Həyatımızın “Whiplash”-ini tapmaq ümidilə...
Whiplash original mahnı: https://www.youtube.com/watch?v=pCykgzrwIw0
Neymanın performansı: https://www.youtube.com/watch?v=ZZY-Ytrw2co
Comments
Post a Comment