Xəbərdarlıq: Əgər müasir dövrümüzün həqiqətlərini oxumağa hazır deyilsinizsə, bu yazıdan yan keçin.
Rasim Qaracanı kitab sərgilərinin birində
tanımışam. Amma onda onun Rasim Qaraca olduğunu bilmirdim. “Əyri evin qadını”
hekayələr toplusunu oxuyub bitirəndən sonra yaradıcılığına marağım yarandı. Bir
az axtarış edəndən sonra məlum oldu ki, kitab sərgilərində gördüyüm sərt və
acıdil insan təəssüratı bağışlayan o adam elə Rasim Qaraca imiş. İnsan olaraq məndə
yaratdığı təəssürat özünü əsərlərində də göstərir. Bəzəyib-düzəmədən, içindən
necə gəlirsə yazır. Oxucunu düşünmədən.
Zülmətdə alatoran. İlk öncə onu deyim ki, kitab
yazıçının avtobioqrafik romanıdır. Amma mənə görə roman deyil, müəllifin dili
ilə yazılan avtobioqrafiya, memuar və ya xatirə ədəbiyyatıdır.
Rasim bəyin axıcı üslubu kitabı çox qısa müddətdə
oxuyub bitirməyimə səbəb oldu. Görəsən daha nələr oxuyacam, hansı həqiqətlərim
alt-üst olacaq, deyə-deyə kitabın son səhifəsinə qədər sağ-salamat gəlib
çatdım. Müasir dövrümüzün qısa xülasəsi sillə kimi dəydi mənə. Ağrılı keçid
dövrünün uşaqlarının keçdiyi yollar, üzləşdikləri çətinliklər və bugünkü mənzərə
oxucu kimi məni çox ağrıtdı. Deyilməyənləri, daha doğrusu deyilə bilməyənləri,
deməyə cəsarət edilməyənləri belə açıq və səmimi şəkildə demək alqışa dəyər.
Kitabda Sovet rejiminin dağılmasından bu tərəfə ölkə,
cəmiyyət olaraq təkamülümüz işıqlandırılıb. Valideynlərimdən, ordan-burdan
eşitdiyim hadisələr dəlilli-sübutlu gözlərimin önümə sərilmişdi, sarsılmışdım.
8-ci sinifdə Əkrəm Əylislinin “Ürək yaman şeydir”
hekayəsini oxuyandan sonra onu necə sevdiyimi, kitablarını əldə etməkdən ötrü dəridən-qabıqdan
çıxdığımı xatırlayıram. Ramiz Rövşəndən imza almaq, şeir gecəsində iştirak etmək
üçün necə çırpındığımı, “əqidəmi heç nəyə dəyişmərəm mən yenə” deyən Bəxtiyar
Vahabzadənin şeirlərini əzbərlədiyimi xatırlayıram.
Və Rasim Qaracanın yazdıqları. O, illərdir
inandığım həqiqətləri qəddarcasına yerə çırpıb çilik-çilik etdi. İndi necə
olacaq?
Comments
Post a Comment