Uşaqlıqdan dinlədiyim iki müğənni var: Mahsun
Kırmızıgül və Sərdar Ortac. Onları niyə hələ də dinlədiyimi soruşsanız çox
güman ki, cavab verə bilməyəcəm. Hər ikisi ilə tanışlığım məktəb dövründə olub.
Mahsunla olan macəram qalsın başqa vaxta, sizə indi Sərdardan danışım.
Yadımdadır, rəngli televizorların təzə-təzə
populyarlaşdığı vaxtlar idi. Bizim evdə də kiçik bir televizor vardı. Onda hələ
xarici kanallara (türk kanalları daxil) çıxışımız yox idi. Ona görə ancaq yerli
kanallar vasitəsilə dünyaya açılırdıq. Sərdarın dinamik, oynaq mahnıları da belə
kanalların birində mənim diqqətimi cəlb etmişdi. Onun səhnədə tullanıb-düşməsini,
coşğu ilə, ürəkdən etdiyi rəqsləri sevməyə başlamışdım. Sözlərini tam başa düşməsəm
də mahnılarını qeyri-ixtiyari əzbərləyir, dilimdən düşmürdü. Beləcə Sərdar
sevgim yarandı.
Böyüdükcə mahnıların sözlərini də anlamağa
başladım. Və bir məktəbli qızın özü ilə qətiyyən əlaqəsi olmayan bu qədər
mahnını necə əzbərlədiyini, niyə əzbərlədiyini fikirləşməyə başladım. Zaman
keçdikcə ürəyimdən xəbər verən, “elə bil Sərdar mənim üçün yazıb” dediyim
mahnılar oldu. (Məsələn “Məsafə”) Adını qoya bilmədiyim duyğuların adını o, çox
gözəl qoyurdu. Öz ağrılarımı sevməyi onun mahnıları ilə öyrəndim. Üzdən gülərək
içində ağlamağı onun mahnıları ilə öyrəndim. Dəli kimi rəqs etdiyin anda
ağlamağa başlamağı və bunun çox normal olduğunu onun mahnıları ilə öyrəndim.
Mən böyüdükcə məna kəsb etməyə başlayan Sərdar
Ortac sözləri onun hüzurverici səsi, səmimi gülüşü ilə birləşəndə ortaya möhtəşəm
nəticə çıxır. Əhval-ruhiyyəmdən asılı olmayaraq onu hər zaman dinləyə və zövq
ala bilərəm. Kədərli olanda, sevincli olanda. Heç kimlə danışmaq istəməyəndə.
Hər şey üst-üstə gələndə, içimdəki gərginlikdən,
stressdən qurtulmağa çalışanda o, otağımda təkadamlıq konsert verir. Onun
mahnılarını oynaq adlandıranlar çox yanılırlar. Kim nə deyir desin, onun mahnıları kədərlidir,
günahların, peşmanlıqların cəsarətli etirafıdır.
Hamının həyatında ən az bir dəfə Sərdar Ortac
konsertinə ehtiyacı var. Yenidən doğulmuş kimi hiss etmək üçün.
Mən etdim. Və buna görə çox xoşbəxtəm. Ölmədən öncə
ediləcəklər siyahımdan bir bəndi sildim. Səsim batana, boğazım ağrıyana qədər
qışqıraraq oxudum. Yanımdakılar dəli olduğumu fikirləşdikləri üçün qəribə
baxışlarla mənə baxdılar. Vecimə oldumu? Yox!
Comments
Post a Comment