Bələdçinin “ilk və çətin döyüşlər bu ərazilərdə
olub. İlk şəhidlərimizi də burada vermişik, Allah şəhidlərimizə rəhmət etsin”
deməsindən sonra o torpaqlarda olduğumu hiss etdim. Qeyri-ixtiyarı bir cümlə gəldi
ağlıma: “Səndən ötrü can verməyə cümlə hazırız!” Boğazımda nə isə düyünləndi,
biz bu gün rahat səfər edə bilək deyə canlarından keçmiş oğulları, onların
yarımçıq qalmış həyatlarını, arzularını xatırladım. Düşündüm ki, mənim bu
torpağa ayaq basmağa haqqım yoxdur. Bu haqq ancaq qanları ilə vətən torpağını
sulayıb xarıbülbülü dirildən o şəhidlərə məxsusdur.
Füzulidən Şuşaya qədər haradasa iki saat çəkən səyahəti
pəncərədən çölə baxaraq keçirdim. Viran qoyulan əraziləri, insanın qadir olduğu
vəhşilikləri görmək elə kədərli idi ki. Dağıdılmış evlərin qarşısında sanki həyat
davam edir deyərək ağappaq çiçəkləmiş ağaclardan başqa həyat nişanəsi yox idi.
Yavaş-yavaş dağ yolu başladı. Düz bir saat dağa
qalxdıq. Dolanbac yollar bitmirdi. Dağların döşündə iri, qırmızı hərflərlə
yazılan “Şuşa” yazısını görənə qədər həsrətlə qalxdıq. Əlçatan olmağı özünə
yaraşdırmayıb uca dağlar qoynunda yerləşən Şuşa. Ona can atanların həsrətini
hiss edərək qürurla duran Şuşa.
Şuşa qalasını, Cıdır düzünü, oradan Şuşa dağlarına
açılan mənzərənin gözəlliyini sadəcə görmək lazımdır. Cıdır düzündə olanların
demək olar ki, hamısı kiməsə zəng edib mənzərəni göstərirdi. Xüsusilə də gənc nəsil
uzun səfərə çıxa bilməyən, amma canı Şuşada qalan yaşlı nəslə göstərirdi. Onlar
xəttin o başında ağlayırdı. “Nənə, ağlama da, peşman etdin göstərdiyimə”.
“Ay Allah sənə şükür, gördüm bu günləri” deyib
hönkürənlər, Şuşanın gül-çiçəyini yığıb bura gələ bilməyənlərə aparanlar,
torpağı sığallayanlar, bizə gəzmək üçün verilən iki-üç saatı illər sonra öz
evində keçirməyə tələsənlər, fəxrlə avtobusdakıları evinə qonaq dəvət edənlər...
Güllələnmiş büstlər, məhv edilmiş tarix, didərgin
salınmış bir nəsil.
Axirətdə ağaclar da, otlar da dilə gələcək,
şahidlik edəcək deyirlər. Şuşada olarkən bu cümlə məni təsəlli etdi. Orada
yaşananların şahidi var: dağlar, ağaclar, çiçəklər, otlar, daşlar, bir sözlə hər
şey. Biz orada olmasaq da onlar var idi. Allah orada idi. Səbirli ol, Şuşa...
Comments
Post a Comment