Mən qadınam...

-      Mən qadınam. Birinin anası, birinin qızı, birinin bacısı, birinin həyat yoldaşı. Özümün isə heç nəyi. Çünki doğulduğum gündən, hətta cinsim məlum olan andan etibarən mən kiminsə mülkiyyəti olmuşam. Özümü anlamağa, tanımağa macal tapmamış kiminsə həyat yoldaşı olmaq öyrədilib mənə. Xəyalım kitab-dəftərlərimi şkafıma yığmaq olsa da, cehizimi yığmışam. Yaşıdlarım kukla ilə oynayanda mənim qismətimə uşağımla oynamaq düşüb.

Məktəbdən zorla çıxarılıb məndən dəfələrlə böyük birinə ərə verilmişəm. Sinif yoldaşlarım üçün son zəng səslənəndə mənim üçün vağzalı səslənib. Üzünü heç vaxt görmədiyin bir adamla ailə qurmaq bilirsiniz nə deməkdir?

İri, tüklü əlləri ilə mənə toxunanda milyon dəfə diksinmişəm, iyrənmişəm. İstəklərim, arzularım heç vaxt heç kimə maraqlı olmayıb. Onu maraqlandıran yeganə şey axşama nə bişirməyimdir. Birdə yataq. Vəhşi kimi yeyib-içəndən sonra üstümə gələndə sarımsaq qarışıq araq qoxusu üzümə vurur. Qusmaqdan özümü güclə saxlayıram amma qorxumdan səsimi çıxarmıram. Çünki döyülməkdən təngə gəlmişəm. Ona heyvani həzlər lazımdır. İşini bitirən kimi üzünü çevirib yatır, xorultusundan qonşu otaqda yatan uşaq da ayılır. Səsimi çıxaran kimi deyir, -kəs səsini, sən nə qanırsan axı. Axı mən nə günah etmişəm ki, belə həyat qismətim olub? Düşünəndə ki, bütün ömrüm belə keçəcək, ürəyim az qala partlaya...

Mən də qadınam. Ana, qız, bacı, həyat yoldaşından öncə QADINAM. Özümlə fəxr edirəm. Çünki doğulduğum gündən atam, anam mənimlə fəxr edib. Kiminsə mülkiyyəti deyiləm, özüməm. Yerli standartlara görə evdə qalmış hesab edilsəm də,  hələ ailə qurmağı düşünmürəm. Axı hələ özümü tam öyrənməmişəm. Kitablarımla xoşbəxtəm. Hər gün özüm haqqında yeni şeylər öyrənirəm. Xəyallarım, arzularım var.

Hələ karyeram, təhsilim var. Ərə getmək bir qadının həyatdakı prioriteti olmalı deyil axı. Nə də uşaq sahibi olmaq. Mənə sevdiyim, bir yerdə dünyanı və özümü kəşf edə biləcəyim insan lazımdır. Yoxsa fikri yalnız öz möhtəşəm genlərini davam etdirmək olan ibtidai insan nəyimə lazımdır?

Amma insanlar məni başa düşmür. Ümumiyyətlə son vaxtlar insanların nəyisə başa düşdüyündən əmin deyiləm. Onlara yalnız gördükləri və yozduqları şeylər maraqlıdır. Amma vecimə deyil.

Qadın olmaq çətindir, xüsusilə patriarxal cəmiyyətdə qadın olmaq ikiqat zülmdür. Lap qəbir əzabıdır. Amma neynək? Biz də belə yaradılmışıq. Allaha üsyanmı edək?

 

 

Comments

Post a Comment