Bu gün 14 fevraldır. Bu tarix sizə ilk olaraq
Valentin gününü xatırlatdısa, təəssüf hissi ilə bildirirəm ki, bizdən deyilsiz.
Valentin günü haqqında isə onu deyə bilərəm ki, sevginin günü olmur. Əgər
deyirsizsə ki, yox, mütləq günü olmalıdır, onda məncə hər kəsin öz gününü -
sevgi gününü elan edib onu qeyd etməsi daha məntiqlidir.
Başınızı çox ağrıtmadan, gələk mənim 14 fevralıma. Yəni
kitabqurdlarının Valentin gününə.
Bu gün “Beynəlxalq kitab bağışlama günü”dür. İlk bədii
kitabımı 3-cü sinifdə qardaşımın məsləhətilə oxumuşam. Mark Tvenin “Tom Soyerin
macəraları” əsəri. Ardınca Haklberri Finin sərgüzəştləri, Azərbaycan Xalq nağılları,
Koroğlu dastanı və s.
Heç düşünmədən deyə bilərəm ki, qazandığım ən mükəmməl
vərdişlər arasında mütaliə birinci yerdədir. (Digər vərdişlər üçün növbəti postu
gözləyin) Həyat qurtaran vərdiş də adlandıra bilərəm. Necə?
Tədqiqatlar göstərir ki, kitab oxumaq stressi
azaldır, mental sağlamlığı qoruyur, beyni inkişaf etdirir. Həm də əməlli-başlı. Tədqiqatlara inanmırsızsa
heç olmasa mənə inanın. 3-cü sinifdən bəri oxuyuram və heç bir ziyanını görməmişəm.
Sizə də məsləhət görürəm.
Mütaliənin həyat qurtarmasına inanmırsızsa, burada
dayanın. İnanırsızsa ardını oxuyun.
Gəlin biraz kitabqurdu olmağın üstünlükləri və mənfi
cəhətlərindən danışaq.
Əvvəlcə müsbətlər:
1.
Oxumaq
mental sağlamlığı qorumağın ən yaxşı üsullarından biridir. Özünüzü pis hiss edəndə
əlinizi kitaba atın. Oxuyun və neqativin necə bədəninizi və beyninizi tərk
etdiyini hiss edin.
2.
Oxumaq bir növ “real dünyadan qaçış”dır. O real
dünya ki, hamımız şikayətlənir, xoşbəxt olmadığımızı düşünürük. Siz də belə
düşünürsüzsə, sizin kimi düşünən milyonlarla yazıçının dünyasına dalın. Tək
olmadığınızı görəcəksiz.
3.
Oxumaq
empatiya hissini artırır. O qədər insanla, o qədər tale ilə tanış olursuz ki, özünüzdən
asılı olmadan hər kəsin dünyasına daxil ola bilirsiz.
4.
Oxumaq
beyini məşq etdirir, yaddaşı yaxşılaşdırır, söz bazasını artırır, hazırcavab
edir.
5.
Oxumaq
yuxusuzluğun dərmanıdır. Yuxunuz gəlmirsə fəlsəfə kitabını götürün, vərəqləyin.
On dəqiqə sonra yuxuya getməsəniz, adımı dəyişərəm.
6.
Oxumaq
yeni insanlarla tanış olmaq deməkdir. Yerindən tərpənmədən səyahət etmək, öyrənmək,
sevmək deməkdir.
7.
Oxumaq
bitdiyi üçün təəssüflənmək, oxuduğun üçün xoşbəxt olmaqdır.
8.
Oxumaq
kitab səhifələrində yaşayan xəyali qəhrəmanlarla ünsiyyət qurmaq, real həyatda
zəhlən gedən insanlardan qaçıb o xəyali insanlarla sığınmaqdır. Bəli, oxumaq dəlilikdir.
9.
Oxumaq
kitab qoxusu ilə nəfəs almaq, kitab alarkən uşaq kimi sevinmək, kitabxananın
böyüdüyünü gördükcə sevgililəri görüşdürən Valentin kimi sevinməkdir.
10. Ən əsası isə oxumaq xoşbəxtlikdir, zövqdür, axtardığın
daxili rahatlıqdır.
Mənfi cəhətləri:
1.
Çox
oxuyanda dəli, asosial insan kimi qəbul olunma riski var. Haqqınızda o ancaq
oxuyur, adamayovuşmazdır kimi cümlələr deyilir. Təbii ki, buna fikir vermək
lazım deyil.
2.
Bütün
pulu kitaba verdiyiniz üçün cibinizdə siçanlar oynayır. Bu da düzələn işdir. Növbəti
ay yenə maaş alacaqsız.
3.
Ömrünüz
kitab sərgilərində, kitabxanalarda keçir. Olsun, instagramda, tiktokda vaxt
keçirməkdən yaxşıdır.
4.
Gözləriniz
zəifləyir. Bəs həkimlər niyə var?
Amma bütün bunlara baxmayaraq, mütaliə bir dəyərdir.
Təsəvvür edin, şəhərdən, insanlardan uzaq, təbiətin qoynunda kiçik bir kənddə eviniz
var. İçində də nəhəng kitabxananız. Ürəyiniz istəyən kitabı götürüb oxuya bilərsiniz.
Bundan böyük xoşbəxtlik varmı? Kitabqurdu olaraq mənim üçün yoxdur.
Bir dəqiqə, əslində var. Bundan daha böyük xoşbəxtlik
həmin kitabxanada oturub yaza bilməkdir. Axı oxumaq kimi yazmaq da bir ehtiyacdır.
Bir də o kitabxananı paylaşacaq başqa bir kitabqurdu
da olsa, onda ikiqat “14 fevral” olar.
Mənə fikir verməyin, yenə xəyal dünyasına getdim.
Bayramınız mübarək!
Valentin gününü unutdurub yerinə Kitab bağışlama
gününü sizə sevdirəcək bir kitabqurdu tapmağınız diləyi ilə...
Comments
Post a Comment