Yerli ədəbiyyatla, daha doğrusu müasir yerli ədəbiyyatla
ulduzum barışmır ki, barışmır. Yalnız mütaliəsinə güvəndiyim insanların tövsiyəsi
ilə yerli ədəbiyyatdan nə isə oxuyuram.
Haqqında danışacağım kitab da müasir yerli ədəbiyyat
nümunəsidir. Amma kitabın müəllifini (Coşqun Kərimov) çoxdan tanıdığım, yazı
stilinə bələd olduğum üçün rahatlıqla oxudum. Daha əvvəl müəllifin “Kvan” və “Alamo13”
kitabları ilə tanış olmaq fürsətim olub. Düzünü deyim ki, Kvan kitabı çoxdan
başlamaq istədiyim, səbəbsiz təxirə saldığım bir işi başlamağıma (hələ “kvan”ı
yaşamasam da) səbəb olub.
Şəxsi inkişaf, motivasiya kitablarını qətiyyən sevmirəm,
amma necəsə qarşıma çıxırlar. Əslində bütün kitablar qarşımıza öz oxunmalı vaxtında
çıxır.
Əlqərəz, Xəzər universitetinin kitabxanasında həftəsonu
üçün mənəvi qida axtararkən, qarşıma “Onqaku” çıxdı. Bu sözü əvvəllər eşitdiyim
üçün kitab diqqətimi çəkdi.
Kitab “Yeraltı musiqi” silsiləsi şəklində yazılıb. Daha
doğrusu, hərəsi bir musiqinin təsiri altında yazılmış yazılar toplusudur.
Onqaku isə yapon dilində xoşagələn səs deməkdir. Müəllif günə 3 yazı oxumağı
tövsiyə etsə də, mən günə 50 yazı oxuyaraq, iki günə bitirdim. (Ümid edirəm,
günahımdan keçər).
Yazıların mövzusu çox fərqlidir. Hər kəs bu
yazılarda mütləq özünə aid nə isə tapacaq. Mənə toxunan yazılar arasından “Bu
gün dünya kitab günüdür”, “Yeraltında 3 qadın”, “Belə şeylər ancaq kinolarda
olur” və s. misal çəkə bilərəm.
Kitabda bir neçə şeir də vardı. Müəllifin şeir yazdığını
bilmirdim.
Yazıların hər biri müstəqil olduğu üçün kitabı istənilən
yerdən oxuya bilərsiniz. Müəllif klassik tənbəlləri düşünərək belə edib. Sözügedən
tənbəllərin işini bir az da asanlaşdırmaq üçün kitabdakı bütün musiqiləri bir
yerə yığmışam. Aşağıdakı linkə daxil olaraq yazıçını ilhamlandıran musiqilərlə
tanış ola bilərsiniz.
Nə bilmək olar, bəlkə sizin də ilham pəriniz məhz
bu musiqilərin sayəsində təşrif buyuracaq.
“Onqaku”da adı keçən filmlər isə bunlardır:
Ø Mission impossible-Fallout
Ø Baghban- Amitabh Bachchan
Ø Matrix
Ø Avicii-True stories (sənədli film)
Ø Finding Forrester ( bu film haqqında yazım da var:
(https://theeverydaylifeofanintrovertgirl.blogspot.com/2022/09/uc-film.html)
Ø Good Will Hunting- Your move chief scene
Ø Manufacturing process of glass bottle (video)
Ø Forrest Gump
Yazıçı xüsusi gizli kodlar qoyaraq oxuculara sürpriz
hazırlayıb. Sürətli oxuduğum üçün bu kodları düzgün tapdığımdan əmin olmasam da
tapmağa cəhd etdim.
İlham pərinizi rəqsə dəvət edən musiqini tapmağınız
diləyiylə...
Comments
Post a Comment