Yapon ədəbiyyatı ilə tanışlığım ingilis dili müəllimimin
tövsiyyəsiylə Yukio Mişima ilə başlayıb. Daha sonra Murakami, Yasunari
Kavabata, Kenzaburo Oe, Kazuo İşiguro yapon ədəbiyyatı sevgimi alovlandırıb.
Bu yazıçıların arasında Murakaminin xüsusi yeri
var. Çünki o, Tolstoy və Kafka kimi mənə dərindən təsir edə, köhnə günləri,
travmaları, xatirələri çox ustalıqla təsvir edə və sarı simlərimə toxuna bilir.
Onun kitabları bir növ dadlı şirniyyat kimidir. Tez bitir amma dadı həmişə
damağında qalır.
Rəngsiz Tsukuru Tazaki də bir Murakami klassikidir.
Əsərin qəribə səslənən adı belə nəsə fərqli mövzudan, Murakamivari toxunuşdan xəbər
verir. Əsərin tam adı belədir: Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri. Adın
ikinci hissəsi sizə qəribə gələ bilər. Amma Murakami ilə artıq tanışsınızsa,
altından nəsə çıxacaq deyib keçəcəksiz. Bəli, elədir. Mövzu Murakamidirsə, onu musiqisiz
təsəvvür etmək mümkün deyil. Tsukurun və dostlarının ən çox dinləyidiyi musiqi
macar bəstəkarı Listin “Ziyarət illəri”dir (Years of pilgrimage).
(Dinləmək istəyənlər üçün link: https://www.youtube.com/watch?v=LuiwjTiGHdE
)
Le mal du pays-tərcümədə homesickness – evi üçün
darıxmaq mənasını verir. Tsukuru və dostları evdən uzaqda, müxtəlif şəhər və
ölkədə yaşayır, tez-tez bu mahnıya qulaq asırlar. Hər bir dostluğun belə
mahnısı olmalıdır, məncə. Bir gün dostluq qırılsa da, köhnə günləri yad edə biləcəyin,
xatirələri təzələməyinə kömək edə biləcək melanxolik, hüznlü mahnı.
Kitabın əsas mövzusu keçmişdə yaşanan və bizi incidən
hadisələrin bugünkü həyatımıza necə təsir etməsidir. Murakami səylə deməyə çalışır
ki, nə qədər kiçik olmasından, nə qədər əhəmiyyətsiz görünməsindən asılı olmayaraq
ən xırda inciklik belə həyatımızın axarını başqa səmtə yönəltməyə, qərarlarımızı
dəyişməyə qadirdir. Əgər vaxtında həmin hadisələrin bizdə buraxdığı təəssüratı
aradan qaldırmasaq, ömür boyu bunun əziyyətini çəkəcəyik. Bir sözlə travmalar
bizi emosional olaraq şikəst edəcək qədər güclüdür.
“Xatirələri gizlədə bilərsən, amma onları yaradan
keçmişi yox edə bilməzsən,” deyir sevimli Murakami. Və o qədər haqlıdır ki.
Haqqında danşdığım əsərin qəhrəmanı da bir növ şikəst
olmuş insanlardandır. Uzun illər davam edən dost qrupundan xəbərsiz atılması Tsukurunun
həyatını dəyişir. Təxminən 20 il boyunca səbəbini bilmədiyi “xaric olunmanın”
ağrısı ilə yaşayır, yarasını ört-basdır etməyə, özünü vecinə deyilmiş kimi göstərməyə
çalışır. Amma travmalar heç vaxt öz-özünə yox olmur. Böyüyür, böyüyür və bir
gün sahibinin axırına çıxır. Xoşbəxt insan odur ki, üzdən qaysaq bağlamış,
altdan hələ də sakitcə qan axan yaralarını sağalda biləcək insanı vaxtında tapır.
Bu baxımdan Tsukurunun bəxti gətirmişdi deyə bilərik. Düzdü, Saranın onun qarşısına doğru vaxtda və
ya bir az gec çıxması mübahisə mövzusu ola bilər. Kainatın zamanlamasına
inansaq, hər şey vaxtında olur. Bəlkə də Saranın onun “rəngsiz” həyatına daxil
olması elə ən düzgün anda baş vermişdi.
“Elə şeylər var ki, onları izah etmək istənilən
dildə çox çətindir.” Bunu
Tsukuru çox yaxşı anlayırdı. 16 il sonra qırılmış dostluğun səbəbini
aydınlaşdırmağa çalışanda bir daha anladı.
“Biri ilə nə qədər yaxın və səmimi olmağından asılı
olmayaraq, hələ də aşkara çıxara bilməyəcəyin şeylər var”. Bu cümlə mənə Kafkanı xatırladır. O da, heç kimin
onu anlamadığından şikayət edirdi.
Əsər haqqında uzun-uzadı danışıb spoiler vermək istəmirəm.
Kitab boyunca yalnız bir təəssüratım vardı: Tsukuru elə mən deyiləmmi? Uşaqlıqda
yaşadığım hadisələrin bu gün də məni qarabaqara izləməsi, onlarla hələ də sağollaşa
bilməməyim Tsukuru kimi mənim də həyatımı rəngsizləşdirir. Nə yaxşı Tsukuru kimi bəzi şeylərə gec
qalmadan bunun fərqindəyəm.
Comments
Post a Comment