Müəllimlərin, ümumiyyətlə işi öyrətmək olan
insanların mütləq baxmalı olduğu filmlər var ki, bunların arasında “Ölü ozanlar
dərnəyi” (Dead Souls Society) və “Ağıllı
Vill Hantinq” (Good Will Hunting) ən məşhurlarıdır.
Əslində isə bu mövzuda çoxsaylı yaxşı filmlər var.
Onlardan üçü haqqında danışmaq istəyirəm.
Forresteri tapmaq (Finding Forrester)
Qaradərili bir gənc olan Camal Volleys və tək-tənha
yaşayan məşhur yazıçı Uilyam Forrester. Sizcə bu iki insanı nə birləşdirir?
Birincinin hələ kəşf etmədiyi yazmaq istedadı və ikincinin artıq dünyaya
tanıtdığı yazmaq istedadı. Gələcəyin gənc yazarı üçün artıq öz sözünü demiş bir
yazarla rastlaşmaqdan gözəl nə ola bilər? Təbii ki, həmin yazıçının yazarlığa
namizən yazılarına yön verməsi. Onların tanışlığı xoş başlamasa da, münasibətləri
zaman keçdikcə dostluğa çevrilir. Qaradərili olduğu üçün öz bacarıqlarını, zəkasını
ciddiyə almayan Camal nüfuzlu bir məktəbdən qəbul alır. Bundan sonra o, həyatına
yön verməyə başlayır. Bu mövzuda ona ən çox dostu Forrester kömək edir.
Bəs Camal Forrester üçün sadəcə yazmaq bacarığı
olan sadə bir gənc idimi? Əlbəttə xeyr. Forrester yaşadığı hadisələr, aldığı
travmalar üzündən tənha yaşamağı, insanlardan uzaq olmağı seçib. Camal onu həyata
bağlayan yeganə insandır. Uzun müddət sonra insan arasına çıxan yazıçı artıq
bir zamanlar mənsub olduğu cəmiyyətə qayıdır. Hətta Camalın sayəsində illərlə
getmədiyi öz ölkəsinə də qayıdır. Axı o, artıq yaraları ilə üzləşməyə hazırdır.
Tənqidçilər Forresterin yazıçı Selincerin prototipi olduğunu desələr də, Forrester rolunu oynayan Sin Konner rolu üçün ilham qaynağının Selincerin həyatı olduğunu etiraf etmişdi.
Azadlıq
yazarları (Freedom writers)
Bu film Erin Qruell adlı müəllimin irqçiliyə görə
bir-birinə düşmən kəsilmiş şagirdlərinə fərqli formada dərs keçərək onların həyatında
yaratdığı dəyişikliklər haqqındadır. Erinin metodikası gündəlik yazaraq özünü
ifadə etmək, digərlərinin yazdıqlarını oxuyaraq onlarla empatiya qurmaqdır. İlk
başlarda ağdərili olduğu üçün müəllimə nifrət edən qaradərili şagirdlər qısa
zaman sonra insanlara önyargı ilə yanaşmanın nə qədər dəhşətli bir şey olduğunu
anlayırlar. Erin Qruell illərlə davakar, axmaq, irqçi damğası vurulmuş şagirdlərə
anlayışlara yanaşır, onlara qəzəblərini ifadə etməyə icazə verir. İrqçiliklə,
müharibə ilə bağlı onların yalnış düşüncələrini dəyişir. Müəllimin onlarla
insan kimi davranması bu şagirdlərdə ona hörmət yaradır, artıq dərslərə gəlir,
maraqla müəllimin bu gün nə edəcəyinə baxırlar. Və yavaş-yavaş bütün şagirdlər
müəllimin tövsiyyəsi ilə yazırlar. Nə yazılmasının fərqi yoxdur: keçmişdə
olanları, öz həyatlarını, bu gün necə hiss etdiklərini yaza bilərsiz. Nəticə isə
möhtəşəm olur. İl sonunda hər bir şagirdin deməyə sözü -yazdıqları var. Müəllimi
bu yazılanları kitab kimi çap edərək onlara hədiyyə edir.
Şagirdlərini gəzintilərə apara bilsin, onlara kitab
ala bilsin, müxtəlif insanlarla tanış edə bilsin deyə müəllim əlavə işlərdə işləməli
olur, evə yorğun qayıdır. Bir müddət sonra həyat yoldaşı bu vəziyyətdən
sıxılır. Erin ona izah etsə də, anlamır. Və bir gün Erini tərk edir.
Xoşbəxt müəllim, amma xoşbəxt olmayan qadın olaraq Erin işinə davam edir.
Ayağa qalx və dirən (Stand and Deliver)
Riyaziyyat sevənlərin sözsüz sevəcəyi bir film.
Film yuxarı sinif şagirdlərinə kalkulus fənnini tədris
edən Xayme Eskalantenin müəllimlik fəaliyyətindən bəhs edir. Son illərdə məzunların
sayının az olması, çoxsaylı şagirdlərin imtahanları verə bilməməsi ilə əlaqədar
Garlfild məktəbi bağlanmaq təhlükəsi ilə üz-üzədir. Müxtəlif işlərdə
çalışdıqdan sonra əsl peşəsinin müəllimlik olduğunu anlayan Eskalante məktəbə
qayıtmaq qərarı verir və Garlfild məktəbindən təklif alır. Böyük həvəslə gəldiyi
məktəbdə vəziyyət ürəkaçan deyil. Daha pisi odur ki, hamı bununla barışıb. “Bu
kütbeyinlərə nəsə öyrətmək mümkün deyil” deyərək hamı dərsləri sadəcə yola
verir. Eskalantenin “universitetə girə bilsinlər deyə mən bu şagirdlərə
kalkulus öyrədəcəm” deməsi rəhbərlikdə gülüş doğurur.
Sinifdə şagirdlər onu ələ salır, ispan aksentli
ingilis dilinə ilişirdilər. Eskalante isə bunları ciddiyə almır, hər gün daha həvəslə
işinə davam edir. Şagirdlərə ilk gündən yalnız bir şeyi öyrədir: Nəyi
bacarıb-bacarmayacağına ancaq sən qərar verirsən. Əgər kalkulus öyrənmək istəyirsənsə,
öyrənəcəksən, başqalarının sənə ağıllı olmadığını, bacarmayacağını demələrinə sən
imkan yaradırsan. Ona görə də ayağa qalx və onlara həqiqəti sübut et.
Təbii ki, illərlə lağ obyekti olan şagirdlərin bunu
qəbul etməsi, özlərinə təlqin edərək hərəkətə keçmələri zaman alır. Amma
yavaş-yavaş buna nail olurlar. Heç vaxt dərs oxumayan şagirdlər tətildə belə
oxuyur ki, kalkulus imtahanını verə bilsinlər.
Eskalantenin dərs keçmə metodikası fərqlidir. O,
şagirdləri ilə özləri istədiyi kimi davranır. Kalkulus fənnin onlara asan və əyləncəli
formada, real həyatdan nümunələr verərək izah edir. İmtahan ərəfəsində çox işlədiyi
və tez-tez əsəbləşdiyi üçün infarkt keçirən Eskalante xəstəxanadan qaçıb dərslərə
gəlir, şagirdlərini yarı yolda qoymur.
Heç kim onlara inanmır, amma o, inanır. Nəticədə isə
bütün sinif qısa vaxt ərzində hazırlaşdığı kalkulus imtahanından keçir.
Şagirdlərin imtahandan keçməsinə heç kim inanmadığı
üçün onları köçürməkdə ittiham edirlər, onlar yenidən imtahan verməli olurlar.
Beləcə, məktəbin bağlanması təhlükəsi sovuşur. Növbəti
illərdə məktəb Eskalantenin sayəsində daha çox məzun yola salır.
Erin, Forrester və Eskalante kimi müəllimlərlə
qarşılaşmaq diləyilə...
Comments
Post a Comment