İlkin versiyası “Seksuallığın psixologiyası
haqqında üç məqalə” olan kitab 1905-ci ildə psixoanalizin banisi Freyd tərəfindən
yazılıb. Daha sonra Freyd iki dəfə bu əsərə dəyişiklik edib. Bunu zaman keçdikcə
öz fikirlərinin dəyişdiyi ilə əsaslandıraraq, yeni nəşrə ön söz də yazıb.
Kitabda üç məqalə yer alıb.
Seksual sapmalar adlı ilk məqalədə seksual istək və
seksual məqsəd olmaqla iki terminin izahını verir və invertləşmiş şəxslərin
davranışı, nevrotiklər üzərindən sapmalara baxış, insani və heyvani cinsi istəklərdən
danışır.
İnfantil seksuallıq adlı ikinci məqalədə uşaqlıq
çağında seksuallığın xarakterindən bəhs edir. Psixoanaliz nəzəriyyəsi ilə tanış
olanlar bilir ki, Freydə görə inkişafın beş mərhələsi var. Onlardan birincisi
0-2 yaş arası dövrdür ki, burada həzz ağız vasitəsilə alınır. O, hesab edir ki,
infantil seksuallığa önəm verilməməsi dəhşətli səhvdir.
Cinsi yetkinləşmə dövründə ciddi dəyişikliklər adlı
üçüncü məqalədə inkişafın beşinci mərhələsi- genital dövr və bu zaman insanda
baş verən seksual dəyişiklər haqqında danışır. Bu hissədə yazıçı infantil
seksuallıq dövründəki obyekt seçiminin genital dövrdə necə üzə çıxdığından,
libido nəzəriyyəsindən və qeyri-normal hallardan danışır.
Kitabda bu üç məqalədən əlavə “Narsisizm haqqında”
və “Bakirəlik tabusu” adlı iki kiçik məqalə də yer alıb.
Narsisizm haqqında məqalədə Freyd seksuallıqla əlaqələndirərək
narsist insanların cinsi obyekt seçimi, şizofreniya və paranoyya kimi xəstəliklər
zamanı seksuallıq məsələlərinə toxunub.
Sonuncu məqalədə isə bakirəlik tabusu və müxtəlif
xalqların mədəniyyətində bakirəlik kimi mövzulara yer verib. Freyd özünün
“Totem və tabu” kitabında bakirəlik tabusu haqqında geniş danışaraq deyirdi ki,
bu tabu ona görə yaranır ki, kişi qadındakı sirli cazibəyə, ona tabe olma istəyinə
ad verə bilmir.
Bu kitabdakı məqaləsində o, bu mövzunu seksuallığın
psixologiyası üzərindən təhlil edir.
Bu hissədə diqqətimi ən çox çəkən hissə bizim cəmiyyətin
də əziyyət çəkdiyi “itaətkarlıq vəziyyəti” oldu.
Freyd deyir ki, ailədə sıxışdırılan, sevgi görməyən qızlar onlara xoş davranan ilk kişi ilə ailə qurur və ilk dəfə bu hissləri yaşayan qadında itaətkarlıq yaranır. Bu itaətkarlığın bir səbəbi isə cinsi əlaqənin uzunmüddətli olmasıdır.
Sağlam cəmiyyətdə yaşamaq diləyilə...
Comments
Post a Comment