Çoz az sayda insan hiss etdiklərini və düşündüklərini
səmimi etiraf etməyi bacarır. Xüsusilə cəmiyyətin seçib sevdiyi, hörmət etdiyi
insanlar nüfuzlarına xələl gəlməsin, qazandığı hörməti itirməsinlər deyə əsl
düşüncələrini etiraf etməyə çəkinirlər.
Bu günə qədər oxuduğum ən gözəl və səmimi etiraf
Tolstoya məxsusdur. Yazıçının 56 yaşında qələmə aldığı etirafı öz oxucusuna və özünə
hesabatı kimi qiymətləndirirəm. Uzun müddətli araşdırmalarının nəticəsini, illərlə
ürəyində yığıb saxladığı fikirlərini olduğu kimi, bəzəksiz-düzəksiz, yalansız
etiraf edir. Yazıçının böyüklüyü, usta qələmini kənara qoysaq, əsərdəki səmimiyyətinə,
cəsur etiraflarına görə əsəri möhtəşəm
hesab edirəm.
Bəs Tolstoy nəyi etiraf etdi?
İlk öncə yaşadığı həyatın bədbəxtliyini, mənasızlığını
və bu mənasızlığın nədən qaynaqlandığını bilmədiyini etiraf etdi. Bu yolda necə
axtarışa çıxdığını, nələri araşdırdığını anlatdı. Axtarışının hər mərhələsində
nələrsə tapdı və bunun axtardığı həqiqət olduğu qənaətinə gəldi. Çox qısa zaman
sonra tapdığının həqiqət olmadığı ortaya çıxdı. Beləcə bir müddət davam etdi. Hər
dəfə həqiqət olduğunu düşündüyü nəsnəni tapır və tezliklə əksini sübut edirdi.
Sonda isə həqiqəti tapdı. Çox qəribədir ki, illərlə davam edən axtarışlarını, fəlsəfədən
tutmuş ilahiyyata qədər öyrəndiklərini, çıxardığı nəticələri gördüyü kiçik bir
yuxu ilə sonlandırır. Həmin yuxu isə bu uzun illərin bəhrəsidir. Sanki
axtardığı həqiqət ona acıyır, illərini axtarışda keçirən, özünə zülm edən
yazıçını bu yuxu ilə mükafatlandırır.
“Reallıqda heç bir izahı olmayan aydın, təbii
mexanizm var və o mexanizm məni saxlayır.”
Tolstoyun gəldiyi son nəticə bu idi. Təbii ki, həmin
mexanizmin adı Tanrıdır.
Ailə həyatı, uşaqlar, mülkiyyət, elm, xristianlıq-
heç biri onun suallarına cavab verə bilmədi. Nə Kantın, nə Şopenhauerin, nə də
Buddanın izahları onu qane etmədi. Sonda
həqiqətin zəhmətdə, sevgidə olduğunu anladı. Bunun üçün rahat həyatından əl çəkib
kəndlilərin arasında yaşamağa başladı, bütün pis vərdişlərini unudub yeni vərdişlər
qazandı. Və yavaş-yavaş daşlar öz yerinə oturmağa başladı.
Tolstoya görə xoşbəxt ailə həyatı, uşaqlar, iş -
bütün bunlar insanı həyata bağlayan səbəblərdir, amma müəyyən yerə qədər. Həyatda
qalmağa davam etmək üçün yaşamaq səbəbi lazımdır. Və yuxarıda sadalananların
heç biri yaşam səbəbi deyil. İnsana inanc lazımdır. İnanc insanın qəbul edə
bilmədiyi şeyləri qəbullanmağa, həyata anlam verməyə kömək edir. Hər şey bitəndə
belə inam qalır. Tolstoyun etirafının məğzi bu idi.
Və o, bu inamı tapmış, intihar fikirlərindən əl çəkmişdi.
Etiraf etmək cəsarətinə sahib olmaq diləyilə...
Comments
Post a Comment