Öz əsərlərində satira, qara yumor və elmi
fantastika elementlərini ustalıqla birləşdirən Kurt Vonnequtun “Pişik beşiyi” əsəri
də bu qəbildəndir. Elm və texnologiyanın problemləri, dinin məqsədi, dövlətlərin
hərb yarışı və s. məsələlərin fonunda baş verən hadisələr Yaponiyaya atılmış atom
bombasına həsr etdiyi “Dünyanın sonunun gəldiyi gün” adlı kitab yazmaq üçün yola
çıxan bir yazıçının (Con) dilindən danışılır.
Amma ironik olaraq, dünyanın sonunu atom bombası
yox, başqa bir ixtira gətirir. Con hələ
bundan xəbərsizdir.
Əsərin adı məşhur bir oyundan gəlir. Atom bombası atılan
gün bombanın yaradıcısı, fizika üzrə Nobel mükafatı laureatı Feliks Hoenikker sanki
dünya dağılsa da vecimə deyil deyərək “Pişik beşiyi” oynayırdı. Bu oyunun mahiyyəti
sap vasitəsilə barmaqlar və əllərin hərəkəti nəticəsində ortaya çıxan müxtəlif
fiqurlardır. İki barmağa keçirilmiş saplar kəsişəndə beşiyə oxşayan fiqur alınır.
Oyunun adı barədə müxtəlif ehtimallar var, amma bu adla daha çox tanınır.
Öz kitabı üçün məlumatlar yığmaq məqsədilə yola
çıxan yazıçı Conah ( özünün dediyi kimi Con) Feliksin yaşadığı İlium şəhərinə, işlədiyi
yerə baş çəkir. Onun uşaqları ilə tanış olur, laboratoriyasında olur. Və əsas
hadisələr burdan sonra başlayır.
Həm övladlarına, həm də həyat yoldaşına qarşı laqeyd
olan Feliksin ailəsində çoxlu problemlər varmış. Kənardan mükəmməl, uğurlu
görünən ailə əslində bir cəhənnəm imiş. Bəlkə də dünyanın sonunu gətirən silahın
ixtiraçısının layiq olduğu tale bu idi? Bunu demək çətindir. Amma görünən odur
ki, atanın günahları üçün həmişə övladlar sınağa çəkilir.
Yazıçı Conun araşdırmalarından sonra məlum olur ki,
Feliks Hoinikker atom bombası ilə kifayətlənməyib, “buz-doqquz” (ice-nine) adlı
maddə də kəşf edib.
“Buz-doqquz” otaq temperaturunda bərk, kimyəvi tərkib baxımından suya alternativ olan
mayedir. Adi su ilə təmasda olarkən toxum kristalı kimi fəaliyyət göstərir və
bu maye suyun dərhal donmasına və daha çox buz-doqquzuna çevrilməsinə səbəb
olur.
Daha çox danışıb spoiler vermək istəmirəm. Ona görə
əsərdəki digər hissələrə toxunacam.
Hadisələr kitabın əvvəlində İliumda, daha sonra San
Lorenzo respublikasında cərəyan edir. Hər iki yer yazıçının təxəyyülünün məhsuludur.
Kurt Vonnequtun üslubu ilə tanış olanlar bilir ki, yazıçı
sadəliyə üstünlük verir, sözünü birbaşa deyir, uzun-uzadı təsvirləri, analizləri
sevmir. Vonnequtun ən çox sevdiyi yazıçının Corc Oruel olması da təsadüfi
deyil. Oruelin “1984” ü və Hakslinin “Cəsur yeni dünya”sı həm bu həm də digər əsərlərində
yazıçının ilham mənbəyi olub.
“Pişik beşiyi” də bu cür əsərlərdəndir.
İlk səhifələrdən bokononizm adlı yarı-yumoristik dindən
danışılır. Bu din ziyansız yalanlardan, qəribə və absurd rituallardan ibarətdir.
Maraqlı bir məqam odur ki, San Lorenzo əhalisi (Papa daxil olmaqla) gizli
olaraq bu dinə sitayiş edir. Açıq-aşkar sitayişdən qorxurlar, çünki bokonon
olduğunu etiraf edən hər kəsi ölüm gözləyir.
Mənə görə əsərin ən maraqlı yeri sonudur. Yazıçı Con
inandığı dinin absurd yalanlardan başqa heç nə olmadığını anlayır.
Postmodern bir roman olan “Pişik beşiyi” simvollardan
boldur. Ən kinayəli hissə budur: Əsərin adı “Pişik beşiyi” olsa da, cəmi bir neçə
səhifə sonra Feliksin oğlu Nyut belə deyir; nə pişik var, nə də beşik.
Vonnequt özü kitabın əvvəlində oxucuya xəbərdarlıq
edir: Bu kitabdakı heç nə həqiqət deyil.
Düzünü deyim ki, bu cür kitablar oxucunu daha çox çəkir.
Bu cümlədən sonra fikirləşirsən: belə deyibsə yüz faiz burda başqa məqamlar
var.
Və təbii ki, yanılmırsan.
Əsərdəki simvollardan bəziləri:
1.
Pişik
beşiyi
İnsanı ali
varlıq edən şeylərdən biri də intellekti, təxəyyülü, oyun qabiliyyətidir. Pişik beşiyi
bacarıq və təxəyyül tələb edir və beləliklə o, bəşəriyyətin elm və elmi dərketmə
qabiliyyətini, elmin nəticələri, ümumiyyətlə elmi bir oyun növü kimi təqdim
edir.
Bundan başqa Pişik beşiyi illuziya təmsilçisidir.
Nyut Hoenikkerin qeyd etdiyi kimi, sapların yaratdığı pişik beşiyi əslində
pişiyin beşiyi deyil - sözün həqiqi mənasında, sadəcə bir ip yığınıdır. Beləliklə,
pişik beşiyi həm də bəşəriyyətin qəlbindəki boşluğu təmsil edir.
2.
Buz-doqquz
Adi suyu temperaturunu dəyişmədən buza çevirməyi
bacaran buz-doqquz elmin gəldiyi nöqtəni, insan zəkasının sonsuzluğunu göstərir.
Amma bir şey var ki, bu cür kəşflər həm müsbət, həm də mənfi nəticələr verə
bilir.
3.
Bokononizm
Buz-doqquz insanın nələrə qadir olduğunu göstərdiyi
kimi, bokononizm insanların nələrə qadir olduqlarından xəbərsiz olduğunu göstərir.
Təsadüfi deyil ki, bokononizmin müqəddəs kitabının ilk cümləsi belədir: sizə
deyəcəyim bütün həqiqətlər sırtıq bir yalandır.
Və təsəvvür edin, insanlar bu dinə inanır.
Əsərdən sitatlar:
*
Pələng ova, quş uçmağa getdi,
İnsansa oturub fikirləşdi: Niyə, niyə, niyə?
Pələng yatmağa, quş qonmağa getdi,
İnsansa niyəsini anladı.
*
-Hər şeyin səbəbi olmalıdır? -Allah soruşdu.
-Mütləq! -İnsan cavab verdi.
-Onda hər şeyin səbəbini tapmağı sənə buraxıram, -
dedi və getdi.
*
Dünyada hamıya çatacaq qədər sevgi var, əgər
insanlar diqqətlə baxsalar...
*
Yetkinlik sərhədlərinizin olduğunu bilməkdir. Yetkinlik
çarəsi olmayan məyusluqdur, əgər gülüşü çarə saymasaq.
*
İnsanlar xeyirxah və müdrik olsaydılar, bu dünya
necə bir cənnət olardı. Bir düşün.
Comments
Post a Comment