Ad günü psixologiyası

Ad günü ərəfəsində siz də özünüzü qəribə hiss edirsiz? Əgər icazə versək, ad günləri mental sağlamlığımıza təsir edə bilər. Əhval-ruhiyyəni düşürmək, özümüzü sorğulamaq üçün yaxşı vaxtdır, elə deyil?

Ad günləri insanların həyatında yeni mərhələni təmsil edir, buna görə də gözləntilərimizi (real və ya qeyri-real) doğrultmasalar, bizim üçün emosional cəhətdən çətin ola bilər.  Məsələn, bəzi insanlar müəyyən bir yaşa qədər bəzi şeylərə (karyera, münasibət/evlilik, uşaq sahibi olmaq, əmlak almaq, daha yaxşı bir bədənə sahib olmaq) nail olmağı gözləyirlər. Bunlar əldə edilmədiyi təqdirdə məyus, narahat və hətta çox sıxıntılı olurlar. Bəzi insanlar isə ad günlərini xüsusi bir gün kimi görür və hədiyyələr almaq və ya dostları və yaxınları tərəfindən xüsusi rəftar gözləyirlər. Bu baş vermədikdə inciyə və dəyərsiz hiss edə bilərlər.

Biz insanlar hər şeyə məna verməkdə mahir ustayıq. Məsələn, qırmızı qızılgülün eşq rəmzi olmasını kim müəyyən edib? Biz -insanlar.

Fərqində olsaq da olmasaq da hər birimizin ad günümüzlə bağladığımız bir anlam var.

Bunu özünüz asanlıqla yoxlaya bilərsiniz. “Ad günü mənim üçün...... ifadə edir”. Bu cümlədəki boşluqları doldurun.

Boşluğa nə yazdınız? Yaxşı hiss etməmək? Təəssüf? Sevinc?

Fəxr olunası deyil amma əksəriyyətimiz bu boşluğa müsbət şeylər yazmırıq. Amma unutmayaq ki müsbət şeylər yazmaq gücü də öz əlimizdədir.

Əgər boşluğa “özünü sorğulama” yazmısınızsa, onu “özünü anlamağa çalışma” ilə əvəz edə bilərsiniz. Yəni, ad günləri əslində

ü  Bu gün və hər zaman necə hiss etmək istədiyini seçmək;

ü  İtirdiklərinə deyil, qazandıqlarına fokuslanmaq;

ü  Hər yeni yaş özünün daha yaxşı versiyasını yaratmaq üçün fürsətdir

Boşluqları istədiyiniz kimi doldurmaq üçün kifayət qədər güclü  hiss etməyiniz diləyiylə...

 

Comments