İçimdəki Anniyə

 

Lyusi Montqomerinin Anni seriyasına səkkiz kitab daxildir. Seriyanın üç kitabı dilimizə tərcümə olunub: “Qrin Qeyblz malikanəsinin qızı Anni”, “Avonli qəsəbəsinin qızı Anni” və “Şahzadə Eduard adasının qızı Anni”.  Kanadalı yazıçı Lyusi Montqomeri bu seriyanı bütün yaş qrupları üçün nəzərdə tutsa da, nədənsə daha çox uşaq ədəbiyyatı kimi məşhurlaşıb. Əsərin yazılma ideyası Kanada qəzetlərində dərc olunan bir xəbərdən götürülüb. Yetim bir oğlanı övladlığa götürmək istəyən bacı-qardaşa səhvən qız göndərilməsi və bacı-qardaşın bu qızı saxlamağa qərar verməsi yazıçıya sujet verib. Lyusi Montqomerinin uşaqlığı Şahzadə Eduard adasında keçib. Onun əsərlərində təsvir olunan yerlər də məhz bu ada, adanın sakinləridir.

Seriyanın birinci kitabı olan “Qrin Qeyblz malikanəsinin qızı Anni” Avonli qəsəbəsində, Qrin Qeyblz malikanəsində yaşayan bacı-qardaş Marilla və Metyu Katbertin fermada onlara kömək etməsi üçün bir oğlan övladlığa götürmək qərarı ilə başlayır. Bu işdə təcrübəsi olan ailənin dostu uşaq evinə xəbəri çatdırarkən qarışıqlığa yol verir və səhvən qız göndərilir. Bu qız isə 12 yaşlı Annidir. Uzun müzakirələrdən, baş verən müəyyən hadisələrdən sonra Anni Avonlidə qalır və onun həyatının Qrin Qeyblz dövrü başlayır. Yaşı az, başı çox bəlalar çəkmiş, həyatın yalnız pis üzünü görmüş Anni hər xırda şeylə xoşbəxt olmağı bacarır, xəyalpərəstliyi, təxəyyül qabiliyyəti ona hadisələri özünün istədiyi kimi görməyə, qəbul etməyə imkan verir. Və bu, Annini başqalarından fərqləndirən ən əsas xüsusiyyətdir. Saçları qırmızı, üzü çilli, böyük ağızlı qızcığaz xarici gözəlliyindən əlini üzüb, özünü eybəcər saysa da, ətrafdakılar Anninin hamıdan fərqləndiyini, amma bu fərqin nə olduğunu bilmədiklərini deyirlər.

Beləcə Anni Avonlinin ən məşhur, ən sevilən sakininə çevrilir.  Anninin uşaqlığı, məktəb dövrü, yetkin qıza çevrilməsi və bütün bunların fonunda baş verənlər böyük ustalıqla, yumor və emosionallıqla qələmə alınmışdır.

Seriyanın ikinci kitabı “Avonli qəsəbəsinin qızı Anni”-dir. Burada Anninin Avonli qəsəbəsindəki həyatından, Krallıq Akademiyasında oxumasından və doğma məktəbində müəllim kimi çalışmasından bəhs edilir. Hələ birinci kitabda başlayan Anni-Gilbert sevgisi daha da yetkinləşmişdir. Artıq Metyu yoxdur. Marilla biraz da qocalıb. Marilla və Anni üçün illər tərs mütənasibdir. Anni böyüyüb yetkinləşdikcə, Marilla yaşlanır, öz dünyasına çəkilir. Başqa bir yenilik isə onların Marillanın uzaq qohumunun uşaqları əkiz Deyvi və Doranı övladlığa götürməsidir.

Seriyanın üçüncü və dilimizə tərcümə olunan sonuncu kitabı “Şahzadə Eduard adasının qızı Anni”dir.  Avonli məktəbində iki il müəllim işlədikdən sonra Anni bakalavr təhsili almaq üçün doğma qəsəbəsini tərk edərək Kinqsport şəhərinə köçməli olur. Sevdiyi Avonlidən ayrılmaq nə qədər çətin olsa da, gənclik eşqi, tələbəlik illərinin verdiyi zövq Annini yeni şəhərə də bağlayır. Burada Anni xəyallarındakı şahzadə ilə tanış olur, lakin heç də hər şey təsəvvür etdiyi kimi olmur. Bəzən xəyallarımızdakı sevgi qarşımıza başqa qiyafədə çıxır. Bəzən isə qarşımızdakının əslində xəyal etdiyimiz sevgi olmasını anlayana qədər illlər keçir. Annidə də belə olmuşdu. Əsl sevgisinin əslində illərlə özündən uzaqlaşdırdığı Gilbert olduğunu özünə etiraf edənə qədər illər keçdi...

Fikrimcə Anni seriyası istənilən yaş kateqoriyasından olan insanlar üçün xüsusilə həyatda yaşam səbəbini bilməyən, ümidini itirmiş insanlar üçün qaranlıqda yandırılmış bir çıraq kimidir.  Anni mənə çox şeylər öyrətdi.

Anni Şirlinin verdiyi həyat dərsləri:

ü  Xəyal qurmaq həyatı asanlaşdırır.

ü  Həyatındakı mühüm şeyləri paylaşacaq ürək dostun mütləq olmalıdır.

ü  Sevgi hər şeydir.

ü  İnsanlara şans versən, onlar səni müsbət mənada təəccübləndirəcəklər.

ü  Hadisələrin indi necə görünməsindən asılı olmayaraq həmişə alternativ yol var.

ü  Səhv etmək böyüməyin bir hissəsidir.

ü  Təxəyyül gücün sənin ən böyük sərvətindir.

ü  Haqqınızı tələb etməkdən qorxmayın.

ü   Sizi unikal edən şeyləri sevməyi öyrənmək bir gecədə baş vermir.

Kitabdan sevdiyim sitatlar:

*      Göz yaşları qəlbimdəki ağrı qədər məni incitmir.

*      Bəlkə də sevgi heç də həmişə qəfil, parlaq, at belində cəngavər kimi gəlmirmiş; bəlkə də o, köhnə dost kimi sakit və arxayın addımlarla yaxınlaşa bilirmiş.

*      Sən sevgini görürsən, amma onun sevgi olduğunu bilmirsən.

*      Dünyam hissələrə parçalanıb, onu yenidən qurmalıyam.

*      Adamların böyüməyi, evlənməyi...dəyişikliklər nücə də dəhşətli şeydir.

*      Adamlar bu dünyada sevgi olmadan yola gedə bilmirlər.

*      Yaşlandıqca öyrəndiyimiz şeylərdən biri də bağışlamaqdır.

*      Bilirsən, yaşamağa hər zaman dəyər.

*      Dünyada bizim xoşbəxtliyimiz üçün o qədər şey var ki, sadəcı onları görməyə gözlərimiz, sevməyə qəlbimiz, özümüz üçün toplamağa isə əlimiz olmalıdır.

*      Əgər arzulamağa heç nə qalmasa, onda bir ölüdən fərqimiz olmaz.

Hamımızın içində bir xəyalpərəst, məsum, sevimli Anni var. Təəssüf ki, ətrafımızdakı insanlar, baş verən hadisələr o Anninin səsini batırır, susdurur. Halbuki ona qulaq assaq görərik ki, bütün dərdlərin əlacı sevgi, bütün problemlərin mənbəyi insanların bir-birini dinləməməsi, düzgün anlamamasıdır. Məhz buna görə də, zaman-zaman içimizdəki o kiçik qızcığaza səslənib soruşmalıyıq: hər şey yaxşıdı Anni?

 

Comments