“Mən” vaxtıdır!

Sağlamlıq psixologiyasında belə bir ifadə var: Me time. İngiliscədən tərcümədə özümə ayırdığım vaxt, özümlə keçirdiyim vaxt mənasındadır. Təəssüf ki, əksəriyyətimiz buna o qədər də diqqət yetirmirik, vacibliyini anlamırıq. Bəzən insanlar düşünür ki, özünə zaman ayırma eqoizmdən xəbər verir. Əslində qətiyyən belə deyil. Özünə zaman ayırma insanın bir növ ruhi, mental, mənəvi və fiziki bərpası, gündəlik qayğılarla, streslə əlləşərkən itirdiyi enerjisini geri alma üsuludur. Bu, təbiətin qanunudur. Necə ki, uzun illər istifadə olunmuş əkin sahəsini dincə qoyurlar, insan da öz beynini “dincə qoymalı”, ona əziyyət verən, enerjisini tükəndirən hislərdən, hadisələrdən uzaqlaşmalı, özünə gəlməlidir.

“Me time” təkcə vaxt keçirmək deyil.

Bu, şüurlu şəkildə ehtiyacın olanı alana qədər özünlə vaxt keçirməkdir. Kimisi bunu kitab oxumaqla, kimisi gəzintiyə çıxmaqla, tək qalmaqla, kimisi isti duş qəbul etməklə əldə edir. düşünürəm ki, ən yaxşı bərpa metodu təbiətdə vaxt keçirməkdir.

Niyə təbiət hər dərdimizə məlhəm olur, bizi özünə çəkir?

Çünki təbiətdən gəlmişik və oraya da qayıdacağıq. Gəldiyi yer, kökləri insanı hər zaman özünə səsləyir. Cek London bu haqda “Əcdadların çağırışı”-nda danışırdı...  Və təbiət öz övladlarını heç zaman günahlandırmır, qınamır. İnsanlardan fərqli olaraq...

Me time” niyə bu qədər vacibdir?

Beyin, bədən və ruh birlikdə bizi bütünləşdirir. Bunları bizi hərəkətə keçirən, irəli aparan bir araba kimi düşünün. Bu üçlükdən biri geri qalanda, yaşamımızda axsama yaranır. Məsələn, beyin zehni cəhətdən çox yüklənibsə fiziki sağlamlığımız və ya ruhi sağlamlığımız “mən”-i ikilikdə dartıb apara bilərmi? Buna görə də özümüzə zaman ayırmaq çox vacibdir. Araşdırmalara göstərir ki, özü ilə vaxt keçirən insanlar digərlərinə nisbətən daha xoşbəx, daha məqsədyönlüdürlər. Çünki beyinləri lazımsız düşüncələrdən azaddır,  ruhları yalnız positivə köklənib. Bunlar ikisi yerində olanda bədən də özünü sağlam hiss edir.

Hələ də “Me time” -başlamamısansa indi başlaya bilərsən.

“Me time” üçün məsləhətlər:

1.      Əgər bu ilk təcrübəndirsə, hər ayın bir gününü “Özümə aid gün” elan edib, həmin günü istədiyin kimi keçir. Müəyyən qədər “Me time” təcrübəsi qazandıqdan sonra bunu hər həftə, daha sonra hər günə edə bilərsən.

2.      Ehtiyacın varsa daha çox “Me time” götür. Kiminsə səni günahlandırmasına icazə vermə. Axı bu sənin haqqındır.

3.      Özün üçün şəxsi baxım rutini yarat. Üz baxımı, saç baxımı. Nə istəyirsənsə onu.

4.      Çoxdandır etmək istədiyin amma cəsarət etmədiyin yeni şeyləri sına. Rəqsə yazıl, yeni dil öyrən, musiqi alətində çalmağı öyrən.

5.      Etməyi sevmədiyin şeyləri “Me time”-a daxil edərək sevərək et. Qabları yumaqdan zəhlən gedir? Xoşladığın işi görürmüşsən kimi təsəvvür et, sevdiyin mahnını zümzümə edərək qabları yu.

6.      Təbiətlə vaxt keçir. Dağa, meşəyə, dəniz sahilinə get. Bunları etməyə imkanın yoxdursa qısa gəzinti belə kömək edir.

7.      Uşaqlarla vaxt keçir. Uşaqlar bizə səbəbsiz xoşbəxt olmağı, dünyanı daha yaxşı görməyi öyrədir.

8.      Rəsm, musiqi, qiraət, yazı- bir sözlə sən nə xoşbəxt edirsə onu et.

Özünlə xoş vaxt keçirmək diləyiylə...

Comments