Kabildə bir kitabçı


Oğuz Atay “Tutunamayanlar”-da deyir ki, kitablar və çiçəklər o qədər zərifdirlər ki, xüsusi qayğı, davranış tələb edirlər və hər adama etibar edilməməlidirlər.

“Kabildə bir kitabçı”-nın annotasiyasını oxuyanda elə təsəvvür edirdim ki, möhtəşəm bir kitabçı ilə tanış olacam. Hətta onun necə biri olması ilə bağlı xəyallar da qururdum. Amma belə olmadı.

Kitabın müəllifi eyni zamanda hərbi jurnalistdir. Talibanın süqutundan sonra bir müddət Əfqanıstanda Xan adlı (şərti addır) kitabçının ailəsində yaşayıb. Və bu ailənin həyatını qələmə alıb.

Əfqanıstan haqqında əvvəllər də oxumuşam, lakin bu ilk kitab idi ki, oxuyarkən əsəbiləşir, mütiliyin, cahilliyin nələrə gətirib çıxardığına qəzəblənirdim. Bu qəzəbimin səbəbi barbar Taliban rejimi altında əzilən qadın haqları deyil, post-Taliban dövründə də qadınların müti olmaqlarına davam etmələri idi. Bütün həyatı uşaq saxlamaq, ev işləri görmək olan və bu həyatdan şikayətçi olmayan qadınlar. Bəlkə də əfqan qadınını gözümdə çox böyütmüşəm.

Təxminən 50 yaşı olan Xan ikinci bahar yaşamaq eşqinə düşüb qızı yaşında olan Sona ilə ailə qurur. Birinci arvadı Şərifə için-için yansa da buna göz yumur. “Şərifə artıq işə yaramır, çox yaşlıdır” deyən kitabçı Xan yeni arvadı ilə özünü yenidən cavan hiss edir. İslam çoxarvadlılığa icazə verir, çox danışsan birini də alaram- deyən kitabçı nə qədər müasir ola bilər?

Şərifənin hisləri mənim üçün çox anlaşılmaz idi. Yazıçı Şərifənin hislərini belə təsvir edir: Ağarmış saçına xına qoya bilər, amma gözlərində yuva salan kədəri gizlətməkdə acizdir. Sonaya bəzən düşmən, bəzən ana olan Şərifə evdə qadın hökmranlığını saxlayaraq özünün hələ də lazımlı olduğunu sübut etməyə çalışır.

Xanın kitabçılıq sahəsində etdikləri nə qədər alqışa layiqdirsə, ailəsinə qarşı davranışı ondan dəfələrlə çox tənqidə layiqdir. Taliban dövründə kitabları qorumağı, kitaba görə həbsə düşməyi, amma kitabçılıqdan əl çəkməməsi təqdirəlayiqdir. Amma ailə üzvlərinə verdiyi dəyər Xanın bütün etdiklərinin üstündən qalın bir xətt çəkir, hər şeyi sıfra salır. Təkcə qadınlara deyil, öz oğullarına qarşı da amansızdır. Evdə söz haqqına sahib, qadını qulluqçusu hesab edən, övladına mülkiyyəti kimi davranan, öz beynində yaratdığı övlad prototipini doğrultmağa çalışarkən onu mənəvi olaraq məhv edən tipik şərqli valideyn obrazı.

Bağışlayın, amma belə kitabçı olmur. Əsərdə elə hissələr vardı ki, oxuyarkən Xanın sifətini yumruqlamaq, onun zəhmi, qəzəbi altında əzilən Şərifənin, Leylanın yaxasından tutub “ayıl, ey qadın, bir də bu həyata gəlməyəcəksən, özün üçün yaşa” demək istəyirdim. Amma onlar fikirləşmirdilər, çünki fikirləşməyə adət etməyiblər. Onlara heç nə hiss etməməli olduqları aşılanıb.

Əfqanıstanda bir qadının eşq həsrəti tabu sayılır. Əgər iki insandan biri ölümlə cəzalandırılırsa, öldürülən qeyd-şərtsiz qadın olur, deyir yazıçı.

Məsələn, zorla nişanlandırılan və başqa kişi ilə danışdığına, sadəcə danışdığına görə doğma qardaşları tərəfindən öldürülən Cəmilə.

Talibandan sonra əfqan qadınlarının həyatında müəyyən dəyişikliklər oldu. Burkadan xilas oldular, amma cahillikdən yox. Xilas olmaq istəyən qadınlar üçün isə taliban düşüncəli kişilər hədsiz maneələr yaradırdı.

Comments