Mən necə özüm oldum (Bir psixiatrın xatirələri)

Psixoterapevt və yazıçı İrvin Yalomun bütün kitablarını sözün həqiqi mənasında gözümə təpirəm. Psixologiya, fəlsəfə və yazıçılıq - sevdiyim 3 nəsnə müəllifin səmimiliyi ilə bir araya gələndə ortaya belə möhtəşəm kitablar çıxır.

Əsərin sujet xətti yoxdur. Yalom sadəcə olaraq həyatını yazıb. Uşaqlığından başlayaraq təqaüdə çıxdığı günə qədər hər şeyi qələmə alıb. Bir məsələni qeyd edim ki, əgər psixologiya və psixoanaliz sizin üçün maraqlı deyilsə, Yalomu darıxdırıcı hesab edə bilərsiniz. Mənim üçün isə bu 90 yaşlı, ağ saçlı, eynəkli qoca kişini oxumaq çox maraqlıdır.

Kitabda o qədər çox yeni və gözəl məlumatlar var ki, qısa mətnə sığışdırmaq mümkün deyil. Ona görə ən çox bəyəndiyim hissələrdən danışacam.

Psixoloq olmaq üçün ən vacib keyfiyyət empatiya duyğusudur. Yəni, pasientlərin dünyasına onların pəncərəsindən baxa bilmək. Yalom bu duyğunu hələ çox erkən yaşlarında özündə tərbiyə edib. Bunu necə etməsinə isə bir fəsil ayırıb.

İlk baxışdan vurulduğu Merilinlə 23 yaşında ailə quran psixoloq həyat yoldaşı dünyadan köçənə qədər (2019) uzun və xoşbəxt ailə həyatı yaşayıb.

Birnəfəsə oxuduğum fəsil “Vyanada yay” oldu.  Bu fəsildə müəllif sevimli Freydin vətəni Vyanada keçirdiyi günləri qələmə alıb. Freydin gəzdiyi küçələrdə gəzmək, sevdiyi kafedə oturmaq, onun evini ziyarət etmək bir psixoloq üçün sadəcə möhtəşəm xatirədir. Sanki mən də Yalomla səyahət etdim, Freydin məşhur divanına uzandım və uşaqlığıma endim.

“Freydi psixoanalizin atası hesab edirik, amma o bundan da artıq bir iş görmüşdü: Freyd ümumiyyətlə psixoterapiyanın atasıdır”- müəllif qeyd edir.

Vyanada o, bəzi şəxsi məsələlər ilə əlaqədar olaraq psixoterapevt köməyinə ehtiyac duyur və ekzistensializm cərəyənının məşhur nümayəndəsi Viktor Frankl ilə terapiya da keçir.

Digər fəsillərdə müəllif kitablarının necə ərsəyə gəlməsi, kitablar üçün ideyaları necə topladığını yazır. “Nitşe ağladığında”,  “Divandakı yalançı”, “Şopenhaur dərman kimi”,  “Günəşə baxarkən”. Bu əsərləri yazmaq üçün illərlə material toplamış, hətta meditasiyanı öz təcrübəsində praktika etmək üçün Hindistana da səyahət etmişdir.

Bütün bu axtarışların, uzunmüddətli mütaliənin, psixoterapevt təcrübəsinin, elmi və bədii kitabların yaranmasından sonra 90 yaşlı müəllif nə hiss edir? Bitmək bilməyən həyat eşqi, oxumaq, öyrənmək eşqi.

O deyir ki, pasientlərimdən öz peşmalıqlarını, təəssüflərini təhlil etməyi və peşmanlıqdan uzaq bir həyat yaşamaya can atmalarını xahiş edirəm. Axı həyat davam edir.

Nitşenin dediyi kimi: Bu həyat idi? Neynək onda bir də yoxlayaq...

Comments