İnsanı yaşadan nədir?

Bir oxucunun başına gələ biləcək ən böyük xoşbəxtliklərdən biri ruhuna toxunan yazıçını tapmaqdır. Sevdiyim yazıçıların hamısı bunu fərqli formada edir. Məsələn, Markiz sirli məni, Kafka travmalı məni, Pamuk gizli məni ortaya çıxarır. Tolstoy isə əsl məni. Başqa sözlə ruhuma bütünlüklə toxunur.

O, həmişə sözünü deyir. Həm kiçik hekayələri ilə, həm də min səhifəlik romanları ilə.

“İnsanı yaşadan nədir” hekayələr kitabında yer alan hər bir hekayə də belədir. Sadə kəndli həyatı üzərindən Tanrı, Tanrı sevgisi, insanın özü ilə üzləşməsi, ruhunu dinləməsi kimi vacib mövzulara toxunan Tolstoy sonda bir nəticəyə gəlir: İnsanı yaşadan sevgidir. Kimin ruhunda sevgi varsa, kim sevməyi, mərhəmətli olmağı bacarırsa o, Tanrını çoxdan tapıb. Axı Tanrı elə sevginin özüdür.

Təsadüfi deyil ki, bütün dinlər sevməyi öyrədir.

Əynindəki paltardan başqa heş nəyi olmayan çəkməçi paltarını soyuqdan donan biri ilə paylaşırsa, arvadı sonuncu çörək parçasını günlərdir ac olan birinə verirsə bunu Tanrını sevdiyi üçün edir.

“İnsana çoxmu torpaq gərəkdir” və “Ağa və nökər” hekayələri dünya malından doymayan, qazandıqlarını o dünyaya apara biləcəyini düşünən tamahkar insanlar üçün ibrət dərsidir. Bütün ömrünü torpağını genişləndirib var-dövlət yığmağa həsr edən Paxomun qisməti nə oldu? Cəmi üç arşınlıq bir qəbir.

“İlyas” hekayəsində əvvəl kasıb kəndli olub, daha sonra varlı mülkədara çevrilən İlyas var-dövlətini itirəndən sonra əsl xoşbəxtliyi tapır. Əsl xoşbəxtlik ruhun dincliyidir. Tanrı ilə danışmaq, ruhumuz barədə düşünmək, gündəlik qayğılarla sevgi ilə başa çıxmaq- bax budur insanı yaşadan...

Ruhunuzun dincliyi diləyiylə...







 

Comments