Müəllif haqqında:
Entoni Börcess ingilis yazıçısı və bəstəkarı. Biz
onu yazıçı kimi tanısaq da, müəllif istəyirdi ki, insanlar onu bəstəkar kimi
tanısın və xatırlasın. Uşaq yaşlarından musiqiyə böyük sevgisi olmuşdur. Lakin
valideynlərini və bacısını itirib xalasının himayəsinə sığınan bir uşaq üçün bu
mümkünsüz idi. Ona görə də özü pianoda çalmağı öyrənir. Entoni Börcessin 250-dən
çox bəstə müəllifidir.
Əsər haqqında:
Mexaniki portağal - distopiya, şiddət, satira və
qara yumorun bir kitabda birləşməsidir. Oxuyandan sonra “mən indi nə oxudum?”
deyə sual verdirən kitabdır. Əsas qəhrəman -yeniyetmə Aleks şiddətə və pis vərdişlərə
meyillidir. Eyni zamanda klassik musiqinin, xüsusilə Bethovenin heyranıdır.
Musiqiyə qulaq asmaq onu dünyadan uzaqlaşdırır, beynini təmizləyir. Kitabda
“nadsat” (yeniyetmə) dilindən istifadə edilir. Müəllif rus dilindən ilhamlanıb
kiçik nadsat lüğəti yaratmışdır. Əsərdə yeniyetmələr tez-tez rus sözlərindən
istifadə edir. (Entoni Börcess 10 dildə danışa bilirdi)
Əsərin əsas mövzusu: Aleks və dostları ətrafdakı
insanlara şiddət göstərərək onları döyür, öldürür (istəmədən), mağazaları
soyur, insanları cinsi istismar edir və s. ziyanverici işlərlə məşğuldurlar.
Sonda Aleks həbs olunur və hökümət onun üzərində yeni reabilitasiya metodunu
sınaqdan çıxarır. Yəni Aleks cinayətkar instinktlərindən qurtulmalı, pis vərdişlərdən
iyrənməli və cəmiyyətə qaytarılmalıdır. Nəticə?
İşə yarayır amma...Bir yerə qədər.
Aleksin hərəkətlərinin arxasındakı səbəb(lər)ə nəzər
salsaq, Con Vatsonun yaradıcısı olduğu davranış nəzəriyyəsini xatırlamalı
olacağıq. Bu nəzəriyyəyə görə, insanların heç bir davranışı anadangəlmə deyil. Yəni
hər şey sonradan qazanılır. Aleksin davranışları kimi. Bu davranışlardan xilas
olmağın yolu onların nədən qaynaqlandığını tapmaq və aradan qaldırmaqdır.
Lakin, əsərdə bu yol seçilmir. Doktor Brodski təcrübələrlə Aleksi həmin
davranışlardan iyrəndirərək onu “yaxşı insan”a çevirmək istəyir. Qısamüddətə nəticə
əldə etmək üçün yaxşı üsul kimi görünsə də, nəticə gözlənilən olmur. Əsərdə bu
texnika Lüdoviko texnikası adlanır. Entoni Börcess davranış nəzəriyyəsinə qarşı
olub, Skinnerin “Azadlıq və ləyaqətdən ötə” kitabını “bu günə qədər yazılmış ən
dəhşətli kitab” adlandırıb. Buna görə də yazıçı kitabında Skinnerin nəzəriyyəsi
məğlubiyyətə uğradır.
Psixoanalitik nəzəriyyə (Freyd) mövqeyindən baxsaq
Aleksi bu davranışları etməyə sövq edən qüvvə şüuraltıdır. Ən sirli, ən
anlaşılmaz yer. Bura elə bir yerdir ki, səbəbi bilinməyən, amma davanışlara təsir
edən amillər burada toplanır. Bir növ ibtidai hərəkətlər. Edirik, amma niyə
etdiyimizi bilmirik. Psixoanalitik nəzəriyyəyə görə Aleksi bu davranışlardan
qurtarmağın yolu şüuraltının qaranlıq yerlərinə enib, təmin olunmayan istək və
ehtiyacları təmin etməkdir. Aleksin təmin olunmayan ehtiyacları nə idi?
Ən böyük ehtiyac özünütəsdiq idi. Yeniyetməlik
dövründə bu xüsusilə vacibdir. Aleksin ailəsi, məktəbi və digərləri bunu
gözardı edirdi.
Ümumiyyətlə cəmiyyət Aleks kimi insanların özünü təsdiqinə,
yerini tapmasına necə təsir edir? Həbs, şiddətə şiddətlə cavab vermək, şəsxiyyəti
alçaltmanın həll yolu olmadığı açıq-aydın olsa da, yenə də bu üsullara əl
atılır. Nəticədə isə daha qatı cinayətkar cəmiyyətə təhvil verilir. İstəklərin
təmin olunması bir yana qalsın, daha dərinə basdırılır.
Stenli Kubrik 1971-ci ildə eyniadlı film də çəkmişdir.
Börcess ümumiyyətlə nə demək istəyirdi?
ü İnsanların mükəmməl və qeyri-mükəmməl, yaxşı və ya pisə ayrılması üzərində qurulan
siyasi sistemlərin puçluğunu.
ü Zorakılıqla, məcburiyyətlə yaxşı olmaqdansa öz qərarı
ilə pis olmaq daha yaxşıdır.
ü Davranışlarımızın arxasında duran səbəblər var.
ü Pis olmağı istəmək də yaxşı olmağı istəmək kimi bir
seçimdir.
P.S. Hamımız
bir az Aleks deyilikmi, ay mənim druqlarım?
P.P.S. Lüdoviko texnikasından uzaq olmaq diləyi ilə...
Comments
Post a Comment