1982 təvəllüdlü Kim Çi Yon

Müəllif haqqında:

Cənubi Koreyalı Ço Nam Ju televiziya ssenaristidir. “1982 təvəllüdlü Kim Çi Yon” müəllifin debüt romanıdır. Cəmi iki aya yazılan əsər qısa müddət ərzində bestseller olmağı bacarıb. Müəllifin dediyinə görə, yaratdığı obrazın həyatı öz həyatından elə də fərqlənmədiyi üçün əsəri az vaxtda tamamlaya bilib.

Əsər haqqında:

Qəhrəmanımız doğulduğu gündən bu günə qədər cinsi ayrıseçkiliyə məruz qalmış Kim Çi Yondur. 33 yaşı, həyat yoldaşı, azyaşlı qızı var. Uşağına qulluq etmək üçün işindən ayrılıb bütün vaxtını ev işlərinə və qızına həsr edir. Bir müddət sonra psixi problemləri başlayır. (Əslində 33 ildə yığılıb qalmış problemlər üzə çıxır)

Kiçikhəcmli əsər altı fəsildən ibarətdir. Cinsi ayrıseçkiliyə görə lider ölkələr sırasında olan Cənubi Koreyada yaşayan Kim Çi Yon bu fəsillərin hər birində həyatının bir dövrünə səyahət edir, ailəsinin, cəmiyyətin, iş yoldaşlarının ona davranışını təsvir edir. Ailədə, məktəbdə, universitetdə, işdə, hətta sevgilisi ilə münasibətdə belə ikinci dərəcəli olması ona xatırladılır, başına vurulur. Anası atasından daha bacarıqlı, daha uğurlu olsa belə əsas fiqur hər zaman atasıdır. Hər şeyin ən yaxşısı qardaşının olmalıdır. Həyat yoldaşının istəkləri daha əhəmiyyətlidir. Qadın olduğu üçün heç zaman ona baş rol layiq görülmür. Daim səhnə arxası.

Bu cür ayrıseçkiliyə məruz qalaraq böyüyən Kim təhsil alarsa bundan qurtulacağını, öz yerini tapacağını düşünür. Amma nə təhsil, nə də ailə qurması gedişatı dəyişmir.
Ana olduqdan sonra işindən ayrılmalı, uşağa qulluq etməli olur. Doğumdan sonra əksər qadınlarla rast gəlinən postnatal depressiya Koreyada qadın olmağın travmaları ilə birləşərək qəhrəmanımızın psixi sağlamlığını əməlli-başlı zədələyir.

Minimalist, olduqca sadə dillə yazılmış bu əsər patriarxal cəmiyyətlərdə qadınların üzləşdiyi problemləri xırdalayır, psixoloji təzyiqin fiziki təzyiqdən, hətta təcavüzdən daha dəhşətli olduğunu anlatmağa çalışır.

P.S. Əsəri oxuduqdan sonra kişilərə nifrət (yenidən!) edə bilərsiniz.

P.P.S. Kim Çi Yonun həyatı sizə tanış gəldisə, psixoza yol almadan güzgüyə baxmağın vaxtıdır.

Comments