Hələ qaranlıqdır, hamı yuxudadır. Birazdan günəş doğacaq. Bəlkə özünə bir yaxşılıq edəsən? Kameranı götürüb dan yerinin sökülməsinə tamaşa etməyə gedəsən? Təbiətin sehrli saatını yuxuda keçirməyi üstün tutursansa elə burada sağollaşsaq yaxşıdır. Yuxulu gözlərlə yerindən durub hazırlaşmağa başlamağı seçdinsə bundan sonrası sənlikdir.
Hər kəsin yatdığı bir vaxtda evdən çıxıb günəşi
daha yaxşı görəcəyin bir yerə gedirsən. Dəniz ən yaxşı seçimdir. Çünki səni burda
təkcə günəş yox, dəniz də, səma da gözləyir.
İnsanlarsız, səs-küysüz, təbiətlə baş-başa. Artıq
rahatladığını hiss edirsən? İndi isti yatağından durduğuna görə əvvəlki qədər
peşman deyilsən.
Yerini rahatlayıb günəşi gözləməyə başlayırsan.
Artıq qaranlıq yavaş-yavaş sökülür, dan yeri qızarmağa başlayır. Bir tərəfdən də
dənizin səsi, səmanın təmizliyi əhval-ruhiyyəni qaldırır.
Günəş yatağından qalxıb oyanana kimi rəngdən rəngə
keçir. Təəccüblənirsən, axı niyə bu rəngləri mən daha əvvəllər görməmişəm.
Günəşin doğmasını seyr edərkən vaxt elə tez keçir
ki, bir də görürsən günəş artıq səmanın düz ortasındadır, hələ ilıq olan
şüaları ilə səni oxşayır.
Bu mənzərəni bir kliklə əbədiləşdirirsən.
Artıq təmiz beyin, məmnunluqla dolu qəlbinlə işə
getməyə ya da evə qayıtmağa hazırsan.
İşdən çıxandan sonra evə qaçıb naharla əlləşmək
yerinə günəşlə sağollaşmağa da gedə bilərsən.
Qürubun öz rəngləri var. Və sənə bəxş etdiyi
duyğular da fərqlidir. Gün doğumu müsbət enerji verirsə, gün batımı ruhi sakitlik, dinclik verir. Sanki
sevdiyin adamdan “gecən xeyrə qalsın” mesajı almısan.
Aşağıda sənə gün doğumu və batımını seyr etməyin
üçün 10 səbəb verəcəm:
1.
Gün
ərzində yaxşı əhval-ruhiyyədə olacaqsan.
2.
Əvvəllər
görmədiyin rəngləri görəcəksən.
3.
Təbiətə
daha çox minnətdar olacaqsan.
4.
Gün
doğumu ümid, gün batımı sakitlik gətirəcək.
5.
Hər
bir gün doğumu və batımı fərqlidir.
6.
Görmək
istəsən də, istəməsən də hər gün sənə yeni şans verilir.
7.
Bu,
sənin kiçicik cənnətin olacaq.
8.
Səhər
tez durmaq çətindirsə, olsun, qürubu seyr et.
9.
Səhər
adamısansa günəşi bir neçə dəqiqə seyr et, baş verəcəklərə təəccüblənəcəksən.
10. Və bütün bunlar pulsuzdur.
Yuxarıdakı 10 səbəbdən ən azı biri səni cəlb edirsə,
növbəti sehrli saatda səni də gözləyəcəm.
Bir gün arzularına gün doğması diləyi ilə...
Qələminizə sağlıq 💕
ReplyDelete