Zamanda səyahət mümkün olsaydı, tərəddüd etmədən
Freydin yaşadığı dövrə getmək istərdim. Onu nə sağlığında nə də sonralar
anladılar. Düzünü desək, anlamazlıqdan gəldilər. Niyə? Çünki içimizdəki qaranlıqlarla
üzləşəcək qədər cəsarətli deyilik. Freyd deyirdi ki, orta əsrlərdə yaşasaydım məni
diri-diri yandırardılar, indi isə yalnız kitablarımı yandırırlar.
“Freyd: Gizli həqiqətlər” psixoanalizin banisi,
nevroloq Ziqmund Freydin 1962-ci ildə amerikalı rejissor Con Hyüston tərəfindən
ekranlaşdırılan bioqrafiyasıdır.
Filmin əsas mövzusu gənc alim və həkim Freydin fikirlərinin
həmkarları və cəmiyyət tərəfindən qəbul edilməməsi, müxtəlif psixoloji travmalı
pasientlər üzərində bu fikirlərin doğruluğunun təsdiqi və sonda Freyd özü də
daxil olmaqla pasientlərin qorxuları ilə üzləşməsidir.
Hadisələr 19-cu əsr Vyanasında cərəyan edir. Həmkarları
Freydin hipnozla bağlı fikirlərini gülünc hesab edir, elmi əsası olmadığını deyirlər.
Daha sonra Edip kompleksi, uşaqlarda cinsəllik, basdırılmış duyğular, yuxuların
yozumu ilə bağlı dedikləri də eyni aqibətlə üzləşir. Freydə görə bütün
psixoloji narahatlıqların səbəbi şüuraltında yatır ki bura hipnoz etməklə,
travma anını yenidən xatırlayıb səbəbini tapmaqla, həmçinin yuxularımızdakı
gizli mənaları aşkara çıxarmaqla çatmaq olar. Bütün həmkarları, müəllimləri
ondan üz döndərərkən İosef Breyer Freydi dəstəklədi, sonda onlar psixoalaniz
elminin əsasını qoydular.
Freyd nəzəriyyəsinin üzərində işlədikcə hər gün
yeni kəşflər edir, Edip kompleksi və uşaqlarda cinsəllik mövzularını araşdırarkən
öz travmalarını nümunə götürür.
Bəzən fərqində olmadığımız, bizə əhəmiyyətsiz görünən
hadisələr travma almağımıza səbəb ola bilir. Bəzən isə travmanın səbəbini bilsək
də onu basdırmağa, bu yolla ondan qurtulmağa çalışırıq. Amma Freydin də dediyi
kimi: basdırılmış duyğular heç vaxt ölmür, insanın içində böyüyərək daha dəhşətli
formada geri qayıdır.
Filmdə Freyd rolunu dəfələrlə Oskar mükafatı almış ABŞ
aktyoru Montqomeri Klift oynayır. Məncə Klift Freyd rolu üçün həddən çox saf və
mülayim görünüşlüdür. Keçən il Netflixin istehsal etdiyi Freyd mini serialındakı
Freyd – Robert Finster daha uğurlu seçim idi.
Şüuraltı insanın cəhənnəmidir. Həqiqi özü ilə üzləşmək
istəyən hər kəs mütləq ora baş çəkməlidir. Yoxsa bir ömür cəmiyyətin, valideynlərinin
yaratdığı biri kimi, əsl mənindən xəbərsiz yaşayacaq.
Comments
Post a Comment