Mətbəx terapiyası

Araşdırmalar göstərir ki, pis keçən günü mətbəxdə sonlandırmaq həqiqətən də əhval-ruhiyyənin düzəlməsinə, gərginliyin azalmasına çox kömək edir. Depressiya və əsəb pozğunluğundan əziyyət çəkən insanlara psixoloqlar “Bişirmək terapiya vasitəsi kimi” üsulunu məsləhət görürlər.

Mütəxəssislər inanır ki, bişirmək, mətbəxdə vaxt keçirmək insanda “davranış aktivləşdirilməsinə” səbəb olur. İşin sonunda bizi gözəl mükafat gözlədiyi üçün bişirən zaman məqsədə fokuslanmış oluruq. Nəticədə beynimizi yoran fikirlərdən, stressdən müəyyən müddətə uzaq qalırıq.

Mətbəx terapiyasının mental sağlamlığımıza müsbət təsirləri nələrdir?

1.      Sonda bizi mükafat gözləyir.

Bişirməyin iki tərəfi var: aktivlik və nəticə. Hər ikisi bizim üçün faydalıdır. Aktivlik bədənimiz, nəticə isə beynimizi qidalandırır.

2.      Yaradıcılıq özümüzü yaxşı hiss etməyimizə kömək edir.

Bişirmə prosesi əsəb, gərginlik, stress yaratmır, əksinə diqqəti, məqsədi artırır. Öz fantaziyamızdan istifadə etmək isə əhvalımıza daha yaxşı təsir edir.

3.      Bişirmək həyat keyfiyyətini artırır.

Hər şeydən əvvəl, unutmamalıyıq ki, xoşbəxtliyə gedən yol mədədən keçir. Bişirmək təkcə əsəblərimizi sakitləşdirməyəcək, eyni zamanda bizi doyuracaq ki, bu da özünəqayğının bir yoludur.

4.      Bişirmək “axınla üzməyə” kömək edir.

Mətbəxdə olarkən sakitləşdiyinizi hiss edirsinizsə siz tək deyilsiniz. Bişirmək meditasiyanın bir növüdür. Bu zaman təkcə beynimiz deyil, bədənimiz də rahatlaşır, gərginlikdən azad olur.

5.      Bişirərkən altruist olmaq bizim üçün faydalıdır.

Bişirməyin daha bir müsbət tərəfi odur ki, sonda nəticə təkcə bizi deyil, ətrafımızdakıları da sevindirir. Axı təkcə özümüz üçün deyil, həm də qayğımızı, sevgimizi göstərmək üçün bişiririk.


Bonus: Şəkildəki xurmalı peçenyenin resepti:

100 qr kərə yağı

1 stəkan şəkər tozu

2 ədəd yumurta

½ stəkan qatıq

½ stəkan duru yağ

Xurma

Qabartma tozu

4 stəkan un

Üzəri üçün şokolad (istəyə görə dəyişə bilər)

 

Comments