Mən kiməm?


Həyatda öz yerini tapmaq, kim olmaq istədiyini bilmək ən azı bir dəfə hamımızı düşündürüb. Bəs bu suallara cavab tapmışıqmı? Xeyr. Çünki çox az insan var ki, həyatdan nə istədiyini gənc yaşlarından artıq bilir. İnsanların əksəriyyəti isə bəzən ömür boyu bu suallarla çarpışır, bir yerə çıxa bilmir. Nəticədə bu insanlar axınla üzüb getməyi, hər şeyi taleyin boynuna yıxmağı seçir.

Bəs özünü tapmağı belə qəliz edən nədir?

Məsələ ondadır ki, bu proses bizim düşündüyümüz qədər asan deyil. İnsan yaşa dolduqca fikirləri dəyişir, dolayısıyla həyata baxışı və məqsədləri də dəyişir. Yəni özünü tapmaq həyat boyu davam edən bir prosesdir.

Nə istədiyimizi bilmək və ya tapmaq yalnız bizdən asılı olan qərar deyil. Bu proses 3 səviyyədə baş verir:

1.      Bioloji səviyyə. Biz bioloji varlıqlarıq. Yəni “mən”in bir hissəsini bizim fiziologiyamız və genlərimiz formalaşdırır.

2.       Sosial səviyyə. “Mən”-in digər hissəsini yaşadığımız cəmiyyət, adət-ənənələr və ailəmiz formalaşdırır.

3.      Fərdi səviyyə. Burada isə “mən”-in qalan hissəsi bizim prioritetlərimizə və seçimlərimizə əsasən formalaşır.

Yəni əslində biz özümüzü tapmırıq, özümüzü “yaradırıq”. Və bu zamanla dəyişir.

Siz hələ özünüzü yaratmağa başlamamısınızsa aşağıdakı ipucları sizə kömək edə bilər:

ü  Nələrlə məşğul olmaq səni xoşbəxt edir, həyəcanlandırır?

 Sənə zövq verən, məşğul olarkən özünü unutduğun şeylər haqda düşün.

ü  Həyatda indiyə qədər qazandığın ən böyük uğurlar nələrdir?

Qazandığın uğurları düşün. Bunları əldə edərkən nə hiss etdin?

ü  Əgər həyatda heç bir limit, sərhəd olmasa idi, nələrinin olmasını istəyərdin və nələri etməyi seçərdin?

Bu haqda düşün: kifayət qədər pulun olsa idi hara gedərdin, vaxtını necə və kiminlə keçirərdin?

ü  Həyatdakı məqsədlərin nədir?

Fiziki sağlamlıq, mental sağlamlıq, karyera, münasibətlər, mənəvi rifah həyatda ən önəmli aspektlərdir. Əmin ol ki, hər birinə aid məqsədin var.

ü  Dünyada ən çox kimə heyransan?

Uğurlu insanların həyat hekayələri ilə tanış olmaq sənə fikir verə bilər. O adamlarda nəyi sevirsən, hansı xüsusiyyətləri, bacarıqları səni çəkir və s.

ü  Nəyi etmək istəmirsən?

Etmək istədiklərindən əlavə etmək istəmədiklərini də bilmək olduqa vacibdir. Hal-hazırkı həyatında, işində, münasibətlərində səni məmnun etməyən nədir?

ü  İstədiyin insan olmaq üçün kifayət qədər əzmlə çalışırsan?

Böyük uğurlar heç vaxt asan başa gəlmir. Möhtəşəm şeylər etmək istəyirsənsə möhtəşəm səylər göstərməlisən.

Ümid edirəm ki, bu məsləhətlər sizə özünüzü kəşf etməkdə kömək edəcək.

Bonus: Rumidən özünükəşflə bağlı dəyərli sözlər:

Sən sürünmək üçün yaranmamısan. Qanadların var, onlardan istifadə etməyi öyrən və uç.

Dünən ağıllı idim, dünyanı dəyişmək istəyirdim, bu gün müdrikəm, özümü dəyişirəm.

Kainatdakı hər şey daxilindədir. Özündən soruş. 

* 

Comments