Şükriyyə- gəncliyinə yenicə qədəm basmış başına gələcəklərdən
xəbərsiz knyaz qızı.
Cavad- 25 yaşlı Vətən sevdalısı.
Və tale onların yollarını kəsişdirir. Şükriyyənin
atası Süleyman bəy “Qızılbaşa verəcək qızım yoxdur” deyir. Amma knyaz belə
olsan tale yazanı poza bilməzsən.
Əhməd Cavadın taleyindən az-çox hamımızın xəbəri
var. İllərlə təqib edilməsi, təzyiqlərə məruz qalaraq “Vətən xaini” elan edilməsi,
37-ci ildə güllələnməsi.
Bütün bu hadisələrdə o, tək deyildi. Səhnə
arxasında Şükriyyə, 4 oğlu və qızı da var idi. Onların qızı Almas hələ atasının
sağlığında bu dünyadan köçmüşdü. İllər sonra yad əllər ona toxunmasın deyə
üst-başını qəsdən kirlədən, ona yaxınlaşmasınlar deyə yuyunmayan Şükriyyə
qızının erkən ölümünə görə hətta sevinirdi.
Düşərgə həyatı, didərgin salınmış, parçalanmış ailə,
sözlərlə təsvir oluna bilməyən işgəncələr, həbslər, təzyiqlər. Onun qisməti
bunlar idi. Amma o, uzaq Qazaxıstan səhralarından vətənə qayıdanda hələ də
şükür edə bilirdi. Şükür edirdi ki, sürgün həyatı bitdi, bunlar qızının başına gəlmədi, şükür edirdi
ki, 4 oğlu yanındadır.
Heç nə səbəbsiz olmur deyirlər. Bəs görəsən Şükriyyənin
başına gələnlərin səbəbi nə idi? İllər sonra Cavadın ata yurduna qayıdıb
uşaqlarını başına yığıb yaşayanda o, anladı ki, baş verənlər onu sındıra bilmədi.
Çünki kim nə deyir desin, insanlar barədə qəlbimizin öz hökmləri olur.
(səh 15) Cavad barədə də onun qəlbi öz hökmünü vermişdi. Güllələnsə belə o,
birdəfəlik Şükriyyənin ürəyinə köçmüşdü. Ürəyimizdəkini isə biz öldürmədikcə
heç kəs öldürə bilməz. Bundan başqa Cavad hər oğlunda özünün bir parçasını
qoyub getmişdi. Niyazidə gülüşünü, Aydında çiyinlərini, Yılmazda saçlarını,
Tuqayda qürurlu görkəmini. Şükriyyədə isə ürəyini, ruhunu...
Comments
Post a Comment