Haradan başlayacağımı bilmirəm. “Lap ürəyimdən xəbər verdi” dedirtən kitabları oxuduqdan sonra həmişə belə olur. Mövzu qadın olunca vəziyyət bir az da qəlizləşir.
Vulf “Özünə aid bir otaq”-da deyirdi ki, kişilərin
nə deyəcəyini fikirləşmədən yazın. Həqiqətən də qadın yazıçı üçün ən böyük uğur,
eyni zamanda aşılması çətin olan ən böyük əngəl özü kimi yazmaqdır. Axı qadını
qadından yaxşı kim anlayar?
Dünəndən sabaha- Humay, Səma və İlahə. Üç nəsil, üç
tale, üç həyat. Nəsillər dəyişir, zaman dəyişir, yalnız bir şey dəyişmir - qadının
çəkdiyi əzab, duyduğu ağrı. Hələ on üç yaşında bəxtsiz, bədbəxt olduğunu
anlayan Humayın taleyi nə qədər uğursuzdursa, Səma bir o qədər tənha, kimsəsizdir,
İlahə bir o qədər inamsız, güvənsizdir.
Bu üç qadının taleyi ilə yaxından tanış olduqca əzabdan
başqa bir şey görmürük. Hətta valideynləri ilə birgə, heç nəyə ehtiyacı olmadan
rahat yaşayan Səma belə xoşbəxt deyil. Ümumiyyətlə qadın nə vaxtsa xoşbəxt
olubmu? Ola bilərmi? Belə görünür ki, yox.
İncəsənət ağrıdan yaranır. (Adını xatırlamadığım
bir yazıçı demişdi). Kitabda cərəyan edən hadisələrlə Klimtin rəsm əsərləri
arasındakı əlaqə bir-birini tamamlayır, sanki rəssam bu əsərləri elə bizim bədbəxt
qəhrəmanlarımız üçün çəkib. Axı ağrı
bütün dövrlərdə ağrıdır. Rəssam da, yazıçı da, sadə bir qadın da ağrını eyni yaşayır.
“Qadının üç yaş dövrü” rəsmində kənarda duran,
duruşundan kədər yağan qadın- Humay, qızı və anası arasında dayanıb sanki keçmişindən
qaçmağa çalışaraq, bütün sevgisini qucağındakı körpəsinə verən Səma, və nəhayət
anasına sığınıb dünyadan xəbərsiz yatan körpə İlahə.
“Nə qədər qol-budaq atsa da, çiçəklənsə, bar versə
də sonumuz bəllidir-ölüm” mesajını verən “Həyat ağacı”.
Rafaellə İlahənin sevgi “Öpüş”-ü.
Herman Hessedən sitatlar, “özünü axtaran” Demianı
xatırlamalar. Birdə Murakamivari musiqi seçimləri.
Əsəri sevdim. Kaş ki daha geniş olardı, belə tez bitməzdi...
Comments
Post a Comment