Lahiri hind əsilli Amerika yazıçısıdır. Ailəsi
Amerikada immiqrant həyatı yaşayır. Əsərlərində əsasən Hindistandan Amerikaya
köçən insanların talelərini işıqlandırır. Uzun illər ölkəsindən uzaq olan ailəsi
Benqal mədəniyyətindən qopmamaq, adət-ənənələrini mümkün qədər davam etdirmək
üçün çalışır.
Kitabları bir neçə dəfə beynəlxalq mükafatlara
layiq görülüb, əsasən ingilis, son illər isə italyan dilində yazır.
“Adaş” Lahirinin debüt romanıdır. 2003-cü ildə nəşr
olunub. Ədəbi yaradıcılığı hekayə ilə daha çox tanınsa da, ilk romanından sonra
bir neçə roman yazıb və kifayət qədər uğur qazanıb.
Romanda immiqrant həyatı, Şərq və Qərb mədəniyyətlərinin
toqquşması, yeni mühitə uyğunlaşmağın çətinliyindən bəhs olunur.
Qanquli ailəsi. Aşima və Aşok Qanquli. Onların
övladları, Soniya və Qoqol. Aşok universitetdə professordur. Gənc yaşlarında əksər
benqal ailəsi kimi onun da həyat haqqında fikirləri olduqca aydın idi. Ailəsinin
seçdiyi qızla ailə qurub, uşaq sahibi olub ömrünün sonuna kimi Hindistanda yaşamaq.
Bir gün qatarla səyahət edən zaman yol yoldaşının dediyi bir cümlə onun həyatını
dəyişir: “Hələ cavansan, azadsan, nə qədər ki imkanın var, dünyanı gəz, heç
vaxt peşman olmazsan. Sonra çox gec olacaq.” Və tale onu Amerikaya Massaçusetsə
gətirib çıxarır. Ailəsinin seçdiyi qız ilə ailə qursa da, özünü xoşbəxt sayır.
Arzuladığı işi, həyatı var. Daha nə olsun?
Aşok ədəbiyyatsevər, Qoqol heyranıdır. Qoqolun “Palto”su o qədər oxuyub ki,
artıq əzbərləyib.
“Hamımız Qoqolun paltosundan çıxmışıq” Dostoyevskinin
“Palto” haqqında dediyi bu cümlə Aşokun həyat fəlsəfəsinə çevrilib.
Aşima ona elçi düşənlərin arasından ən yaxşı namizəd
kimi Aşoku seçib ailə qurandan sonra Amerikaya köçür. İlk gündən ölkədə gördüyü
hər şey onda qəribə təəssürat yaradır. 25 il bu ölkədə yaşadıqdan sonra belə bəzi
şeylərə qətiyyən uyğunlaşa bilmir. O, tipik benqal qadınıdır. Ömrünü uşaqlarına
və ərinə həsr edən, bundan başqa həyat təsəvvür edə bilməyən qadın. Amma bir
gün gəlir ki, o, özünü azad hiss edir, Hindistana qayıdıb sevdiyi işlə- musiqi
ilə məşğul olmağa başlayır.
Əsərin əsas qəhrəmanı Qoqoldur. Benqal adətinə görə
uşağa adı valideynləri deyil, böyüklər qoyur və hər uşağın iki adı olur. Biri
evdə, ailəsi və dostları tərəfindən istifadə olunan ad, digəri isə rəsmi ad.
Amma Amerikada belə deyil. Qoqol doğulan gün onu xəstəxanadan adsız
buraxmırlar. Hindistandan ad seçimi ilə bağlı məktub isə gəlmək bilmir. Və Aşok
uşağa özü ad qoyur- sevimli yazıçısının adını.
Daha sonra Qoqola Nikil adını verirlər. Amma Qoqol
ömrü boyu iki adla yaşamalı olur. Özünü iki bədəndə yaşayırmış kimi hiss edir, əziyyət
çəkir. Dostlarının onu ələ salması Qoqolu təngə gətirir, adını rəsmi olaraq dəyişir.
Amma sonralar başa düşür ki, o, Qoqoldur, hamı onu belə tanıyır, qəbul edir.
İllər keçdikdə Qoqol öz adının dəyərini daha yaxşı
anlayır, atasının bu yazıçını sevmə səbəbləri, “Palto”nun niyə atasına bu qədər
doğma olması, bir sözlə bütün daşlar yerinə oturur.
Aşok və Aşimadan fərqli olaraq Qoqol Amerikada
doğulduğu üçün bu həyata valideynlərindən daha tez öyrəşir. İki nəsil, iki mədəniyyət,
iki ölkə arasındakı müxtəlifliklər valideyn-övlad münasibətlərində özünü göstərir.
Bayramı valideynləri ilə bir yerdə keçirmək yerinə sevgilisi ilə tətilə gedən
Qoqolu Aşima heç cür anlamır. Ölkəyə uyğunlaşandan sonra belə sarini (sari-
hind milli geyimi) Avropa dəbinə dəyişə bilməyən Aşima övladlarını anlamaqda çətinlik
çəkir. Qoqol isə dostlarının hər gün bir-birinə “səni sevirəm” deyən valideynlərini,
müasirliyə açıq olan insanları öz ata-anası, onların münasibətləri ilə müqayisə
edir.
Qanquli ailəsinin ortaq anladığı dil sevgidir. Şərq
mədəniyyətli olsa da, uşaqlarına seçim azadlığı verən Aşok onlar xoşbəxtdirsə
müzakirəyə səbəb görmür, Qoqol atasına qarşı haqsızlıq edəndə belə “bir gün
özün anlayacaqsan” deyib susur.
Və Qoqol həqiqətən də anlayır. “Hamımız “Palto”dan
çıxmışıq”-ı, valideynlərinin bir-birini amerikanlar kimi açıqda deyil, gizli
sevdiyini, sevginin göstəriş üçün deyil, hiss etmək üçün olduğunu, adının nə olduğu
yox, onu necə daşımağın önəmli olmasını anlayır.
Kitabdan sitatlar:
Kitablar belədir, addım atmadan sənə səyahət etmək
imkanı verir.
Onun həyatını qəbul edə bilmə istedadı var.
Mənim heç vaxt etməyəcəyim şeyi et.
Özünə bir yaxşılıq et, nə qədərki gec deyil, çox
fikirləşmədən get, dünyanı gəz. Heç vaxt peşman olmayacaqsan.
Hind filmlərindəki öpüş və nəvaziş kimi həyat
yoldaşının adı da məhrəm və gizlidir.
Comments
Post a Comment