1899-cu ildə Amerikada nəşr olunan “Oyanış” feminist
ədəbiyyatın ilkin nümayəndələrindən biri Kate Chopinin qadının özünü kəşf etməsi
mövzusunda yazdığı romandır. Bu əsər yazıçının ədəbi karyerasının sonunu gətirdi.
Çünki 19-cu əsrdə patriarxal güclərin üstünlük təşkil etdiyi ədəbi cəmiyyətdə stereotipləri
qırıb özünün azadlığını elan edən qadın qəbuledilməz idi. Qadının əlində qələm
görməkdən qorxan kişilər əsəri qadağan etdi. Yazıçı bütün ədəbi cəmiyyətlərdən
uzaqlaşdırıldı. Tənqidçilər əsəri yıxıb sürüdü. Amma... Onların unutduğu bir
şey var idi.
Virciniya Vulfun sözləri ilə desək: nəyi istəyirsiz
qadağan edin, kilidləyin, düşüncə azadlığıma vura biləcəyiniz qıfıl yoxdur.
Əsər haqqında.
Edna Pontellier -28 yaşında evli, iki uşaq anası
qadındır. Cəmiyyətin ondan tələb etdiyi kimi həyat yoldaşı və analıq vəzifələri
yerinə yetirir. Amma bir gün o, üzməyi öyrənir və “oyanır”. Dənizin genişliyi,
səmanın sonsuzluğu Ednaya heç bir qadının bu günə kimi üzüb getmədiyi
uzaqlıqları kəşf etmək, buxovlardan azad olub özünü dənizin ixtiyarına vermək
istəyi yaradır. Günlər keçdikcə o, əsl Edna ilə tanış olur. Həyat yoldaşını sevmədiyini
anlayır. Ana-qadın rolundan imtina edərək, özünə vaxt ayırır və deyir:
uşaqlarım üçün hər şeyimi fəda edərəm, amma özümü əsla”.
Özünü kəşf etdikcə, itirdiklərini daha yaxşı görən
Edna həyatını sevgiyə, incəsənətə həsr etmək qərarına gəlir. Və sevir. Amma evli
qadını sevməyin cəzasını çəkəcək qədər cəsarətli olmayan Robert qısa məktub
qoyaraq gedir. Vur-tut “Əlvida, çünki səni sevirəm”-dən ibarət məktub.
Sinəsinə daş bağlayıb özünü çaya atan Virciniya Vulf,
başını sobaya soxub özünü öldürən Silviya Plat kimi Edna da bu yolu seçir. Azadlığını
dadmış, sərhədsizliyini sübut etmiş Ednaya düşüncələrinin ağırlığı, sevdiyi
adamın qorxaqlığı sonsuz dənizdə batmağa kifayət edir. Edna çılpaq bədənini günəşin
və dənizin ixtiyarına verərək heydən düşənədək üzür, elə sonsuz suların
qoynunda gülərək həyatla sağollaşır.
Əsərdə bəzi simvollar var.
İlk fəsil qəfəsdəki
quşun təsviri ilə başlayır, özünü qəfəsdə hiss edən, ruhu əzilən, stereotiplərin
absurdluğu altında məhv olan Ednanı təsvir edir.
Növbəti simvol Ednanın üzməyi öyrəndiyi, bir növ
özünükəşf simvolu daşıyan okeandır. Son fəsil bununla bitir. Artıq qəfəsdəki quş
uçmağı bilir, səmanın ənginliklərini dadır.
Müxtəlif obrazların çaldığı piano isə Ednanın
oyanma musiqisini təsvir edir. Hər dəfə piano çalındıqda Edna silkələnir, mühafizəkar
cəmiyyətin qadına yüklədiyi öhdəliklərdən azad olur.
Qadının öz istəklərini dilə gətirdiyi üçün “əxlaqsız”
damğası vurulan əsərin bu gün feminist ədəbiyyatında özünəməxsus yeri var.
Comments
Post a Comment