Hurtson 1891-ci ildə Alabamada doğulub. Afro-Amerikan
yazıçısı, tədqiqatçıdır. 3 yaşında ailəsi ilə birgə Eatonvilə köçür. Demək olar
ki, bütün əsərlərində əsas məkan olaraq bu qəsəbəni təsvir edir.
Harlem renessansı, Afro-Amerikan mədəniyyətinin
dirçəlişi Hurtsonun gənclik illərinə təsadüf edir. Apardığı tədqiqatlar,
yazdığı əsərlər, öz sözünü deyə bilmə bacarığı Hurtsonu Harlem renessansının əsas
fiqurlarından birinə çevirdi. Onun qətiyyətliliyi, taleyini başqalarının
ixtiyarına buraxmamaq cəhdləri, müstəqillik uğrunda savaşları, bir sözlə qadının
özünü kəşf etməsi bütün əsərlərinin ana mövzusudur.
“Tanrıya baxırdılar“- romanını Hurtson 1937-ci ildə
yazıb. Romanda hadisələr 1920-1930-cu illərdə, Harlem renessansı dövründə cərəyan
edir. Yazıçı əsas obraz olan Ceni Kroforun timsalında qadının özünükəşfini,
müstəqilliyini və sevginin qadın həyatında nə qədər önəmli olduğunu təsvir edir.
Ceninin anası və nənəsi eyni taleyi paylaşır, hər ikisi gənc yaşlarında
zorlanır. Ceninin bu həyatı yaşamaması üçün nənəsi əlindən gələni edir.
Əsər Ceninin dilindən danışılır. 40 yaşlarında, 3 dəfə
evli olmuş Ceni illər sonra evinə qayıdır, başına gələnləri ən yaxın dostu
Fibiyə nağıl edir.
“Suallar soruşan illər və cavablar verən illər var”
Nənəsi 16 yaşında Cenini sevmədiyi adamla evləndirəndə,
ailə həyatı uğursuz olanda, nə etməli olduğunu bilməyən zavallı qızcığaz illər
sonra bütün suallarına cavab aldı.
“Onlar üçün həyat şirin qarğıdalı xəmiri, sevgi isə
yataq-yorğandan başqa bir şey deyil”
Ceni nənəsi və anası haqqında, eləcə də bütün
qadınlar haqqında belə düşünürdü. Amma özü bu qadınlardan biri olmaq istəmirdi.
Onun üçün əsl sevgini dadmadan, müstəqilliyin, səsini eşitdirməyin nə olduğunu
bilmədən yaşamağın mənası yox idi. Həyat ona illər uzunu arzuladıqlarının hamısını
verdi. Amma Ceni bilmirdi ki, bəzən ömür boyu gözlədiyimiz şeylər ölümümüzü də
gətirə bilir.
Comments
Post a Comment