Qocalmaq bilməyən Vudi Allenin 42-ci filmi “Parisdə
gecəyarı”. Paris sevməyən insanlar bu filmə baxdıqdan sonra Parisə aşiq
olacaqlar.
Yalnış zamanda yaşadığına inanan və yazıçı olmağa
çalışan gənc Gil nişanlıdır, evlənməyə hazırlaşır. Gil yaşadığı dövrü-21-ci əsri
bəyənmir, keçmiş üçün darıxır. Və Parisdə istəyinə nail olaraq, keçmişə səyahət
edir, 20-ci illərin Paris mühitinə düşür. O dövrün ədəbi mühiti, incəsənət
adamları ilə tanış olur, hətta üzərində işlədiyi romanı haqqında onlardan rəy də
alır. Heminquey, Fitzerald, T.S. Eliot, Dali, Pikasso və daha kimlərlə tanış
olur.
Belə zamanda səyahəti kim istəməz ki?
Filmdə 1920-ci illərin Parisi, ədəbiyyat və incəsənət
mühiti çox gözəl təsvir olunub. İncəsənət və ədəbiyyatsevərlərin mütləq izləməli
olduğu filmlərdəndir. Nişanlı olsa da, münasibətindən məmnun olmayan Gilin
sevgilisi incəsənətdən uzaq biridir. Bir yazıçı üçün onunla eyni maraqları
bölüşməyən həyat yoldaşı ən ağır cəzaya bərabərdir. Bu mənada Gil bütün vaxtını
yazmağa sərf edir, özünü bütünlüklə ədəbiyyata verir. Bu o dərəcəyə çatır ki,
sonda zamanda səyahət edərək sevdiyi və yaşamaq istədiyi mühitə düşür. Həmin
mühitin insanları ilə tanış olduqdan sonra Gil özünü kəşf edir, həvəslə yazmağa
girişir və anlayır ki, yaşadığın dövrü gözəlləşdirən elə özünsən. Səhv zamanda
yaşamaqdan şikayətlənmək yerinə onu doğru zamana çevirmək lazımdır. Çünki hamı
zamandan gileylidir, hamı köhnə zamanların daha yaxşı olduğunu düşünür.
Kitablarını oxuduğumuz, iç dünyası ilə tanış
olduğumuz yazıçıları, rəssamları sanki realmış kimi filmdə görmək elə gözəl duyğudur
ki.
Heminqueyin “heç nə vecimə deyil” mesajı verən
davranışları, Fitzeraldın Zelda ilə münasibəti, Dalinin “dəliliyi”, Pikassonun Adrianası
bir sözlə hamısı möhtəşəm idi.
Comments
Post a Comment