Qılman İlkin Bakının tarixindən bəhs edən “ Bakı və
Bakılılar” əsəri ilə daha çox tanınır. O, eyni zamanda Qarabağ döyüşləri
haqqında “İntiqam”, “Həsrət kədəri”, “Dərd” və s əsərləri də yazıb. Bundan
başqa, yazıçının bir neçə əsərinə (Qalada üsyan, Kölgələr sürünür) film çəkilib.
Haqqında danışacağımız povest -“Ömrün oğlan çağları”
real hadisələrdən götürülüb. Qılman İlkin bu povestdə özünün ilk əmək faəliyyətini
təsvir edib.
Pedaqoji texnikumu bitirən 17 yaşlı Şəms Xaçmaz
rayonunun Əhmədoba kəndində müəllimliyə başlayır. Cəmi bir otaqdan, 12 partadan
ibarət olan məktəbdə Şəmsdən başqa müəllim yoxdur. O, həm direktor, həm də müəllim
olur. Həmin dövrdə müəllim çatışmazlığı var idi deyə texnikumu bitirməyə bir il
qalmış onu və tələbə yoldaşlarını müxtəlif kəndlərə müəllim göndərirlər. Gənc
müəllimlərin heç biri təsəvvür etmirdi ki, həyata atılmağa bu cür şəraitsiz məktəblərdən
başlayacaqlar. Amma sən saydığını say...
Tolstoy deyirdi ki, bütün gözəl hekayələr iki cür
başlayır: Ya bir insan səfərə çıxar, ya da şəhərə bir yad adam gələr.
Şəmsin hekayəti də belə idi. Bu səfərə çıxan zaman ürəyi
tərəddüdlərlə dolu, başına gələcəklərdən bixəbər idi. O, hələ min bir dərdi
olan müəllim yox, hər şeyə macəra gözü ilə baxan, həyat eşqi ilə qaynayan gənc
idi.
O, nənəsi ilə tək yaşayan kənd sovetinin sədri Səməndərin
evində qalır. Şəms cavan, lakin mübariz və təcrübəli Səməndərdən çox şey öyrənir,
qısa müddətdə yaxın dost olurlar. Həmin illər sinfi mübarizə illəri idi. Kəndlərdə
kolxoz qurulur, qaçaqlar isə buna mane olmağa çalışırdılar. 17 yaşlı Şəms üçün
bütün bunlar yeni təcrübə idi. Səməndər olmasaydı, o, bu kənddə çox davam edə
bilməzdi.
Əsərin sujet xətti bir az klişe olsa da, (şəhərdə
oxumuş gənc müəllim kəndə gəlir, yuxarı sinifdə oxuyan şagirdlərdən birinə
vurulur və s) sonluğu kədərli və gözlənilməzdir.
Qızları məktəbə cəlb etdiyi üçün təhdid olunan Şəms
həmin kənddə cəmi bir il qalır. Amma Əhmədoba kəndinin onun həyatında buraxdığı
izlər ömürlük olacaqdı. İlk sevgisini burda tapan, ilk şagirdlərini burda öyrədən,
ilk itkisini burda yaşayan Şəms istəsə belə Əhmədobanı unuda bilməyəcəkdi...
Comments
Post a Comment